Azərbaycanın enerji siyasətinin qlobal əhəmiyyəti

Azərbaycanın enerji siyasətinin qlobal əhəmiyyəti

02 İyun 2026

2026-cı il iyunun 1-də keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı ölkənin enerji strategiyasının uğurlarını, qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələri və gələcək inkişaf prioritetlərini əhatə edən mühüm proqram xarakterli çıxış kimi yadda qaldı.

Dövlət başçısı çıxışında vurğuladı ki, əsası Xəzər Neft və Qaz Sərgisi ilə qoyulan və illər ərzində beynəlxalq nüfuzu daha da artan Bakı Enerji Həftəsi bu gün dünyanın enerji sahəsində keçirilən ən nüfuzlu tədbirlərindən biri hesab olunur. Prezident İlham Əliyev qeyd etdi ki, 1996-cı ilin iyun ayında imzalanmış “Şahdəniz” müqaviləsi Azərbaycanın müasir qaz sənayesinin inkişafında yeni mərhələnin əsasını qoymuş, ölkəmizi qlobal enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevirmişdir.

Prezident tədbirin beynəlxalq əhəmiyyətinin ABŞ Prezidenti Donald Trampın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Böyük Britaniyanın Baş naziri Kir Starmerin ünvanladıqları məktublarda da öz əksini tapdığını bildirdi. Dövlət başçısı enerji sektorunun son illərdə əsassız tənqidlərə məruz qaldığını qeyd edərək vurğuladı ki, dünya iqtisadiyyatının və sənayesinin dayanıqlı fəaliyyəti bu gün də neft və qaz resurslarından əhəmiyyətli dərəcədə asılıdır. Onun sözlərinə görə, enerji təhlükəsizliyi ilə ekoloji məsuliyyət arasında tarazlığın qorunması müasir dövrün əsas çağırışlarından biridir.

Çıxışda Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi mürəkkəb vəziyyətə xüsusi diqqət yetirildi. Prezident İlham Əliyev qeyd etdi ki, 1990-cı illərin əvvəllərində ölkə siyasi qeyri-sabitlik, iqtisadi böhran, Ermənistanın hərbi təcavüzü, bir milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üz-üzə idi. Belə ağır şəraitdə ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən enerji strategiyası Azərbaycanın inkişafının əsasını təşkil etmişdir.

1994-cü ildə imzalanan və müasir Azərbaycan tarixində mühüm dönüş nöqtəsi hesab edilən “Əsrin müqaviləsi” ölkəyə böyük həcmdə xarici investisiyaların cəlb edilməsinə, enerji sektorunun sürətli inkişafına və iqtisadi sabitliyin təmin olunmasına şərait yaratmışdır. Sonrakı dövrdə əldə olunan gəlirlər sosial rifahın yüksəldilməsinə, təhsil və səhiyyə sisteminin modernləşdirilməsinə, infrastrukturun yenilənməsinə və güclü milli ordunun formalaşdırılmasına yönəldilmişdir.

Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan təbii sərvətlərdən əldə etdiyi imkanları milli maraqlar əsasında idarə edərək nümunəvi inkişaf modeli formalaşdırmışdır. Bu gün ölkədə yoxsulluq səviyyəsinin 5 faizə qədər azalması, işsizliyin minimum həddə enməsi, xarici borcun ümumi daxili məhsulun cəmi 6 faizindən bir qədər çox hissəsini təşkil etməsi və strateji valyuta ehtiyatlarının xarici borcu dəfələrlə üstələməsi həyata keçirilən siyasətin uğurlu nəticələridir.

Dövlət başçısı Azərbaycanın enerji təhlükəsizliyi sahəsində həyata keçirdiyi beynəlxalq layihələrin əhəmiyyətini xüsusi qeyd etdi. Bakı–Tbilisi–Ceyhan, Bakı–Supsa, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP layihələri təkcə Azərbaycanın deyil, bütövlükdə Avropa və region ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və bu ölkələrin 10-u Avropa İttifaqının üzvüdür.

Prezident İlham Əliyev Azərbaycanın enerji siyasətinin yalnız karbohidrogen ehtiyatları ilə məhdudlaşmadığını da vurğuladı. Onun sözlərinə görə, ölkəmiz bərpaolunan enerji mənbələrinin inkişafına böyük önəm verir. Günəş, külək və hidroenerji layihələrinin genişləndirilməsi nəticəsində yaxın illərdə Azərbaycanın yaşıl enerji potensialı əhəmiyyətli dərəcədə artacaq və ölkə bu sahədə də regional liderlərdən birinə çevriləcəkdir.

Çıxış zamanı Qara dəniz Enerji Kabeli layihəsi, Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan enerji dəhlizi və Mərkəzi Asiya ilə yaşıl enerji əməkdaşlığı kimi strateji təşəbbüslərin əhəmiyyəti xüsusi vurğulandı. Bu layihələr Azərbaycanı Avropa ilə Asiya arasında mühüm enerji və nəqliyyat qovşağına çevirməklə yanaşı, regional əməkdaşlığın və iqtisadi inteqrasiyanın genişlənməsinə də xidmət edir.

Prezident İlham Əliyev çıxışının sonunda bildirdi ki, Azərbaycanın əldə etdiyi uğurlar milli maraqlara əsaslanan müstəqil siyasətin, etibarlı tərəfdaşlığın, strateji baxışın və xalqın rifahına xidmət edən inkişaf modelinin nəticəsidir. Dövlət başçısı əminliyini ifadə etdi ki, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən müzakirələr, imzalanan sənədlər və əldə olunan razılaşmalar qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, beynəlxalq əməkdaşlığın genişlənməsinə və Azərbaycanın enerji sektorunda mövqelərinin daha da güclənməsinə mühüm töhfə verəcəkdir.

Ülviyyə HƏMZƏYEVA

Milli Məclisin deputatı