Bəzi cinayət işləri üzrə baxılma müddətinin uzadılması nəzərdə tutulur

Bəzi cinayət işləri üzrə baxılma müddətinin uzadılması nəzərdə tutulur

02 İyun 2026

Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılması müddəti artırılır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edilməsi təklif edilib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan dəyişiklik layihəsinə görə, bu Məcəllənin 38-ci maddəsinə uyğun olaraq cinayət təqibinin həyata keçirilməsi üçün səbəb və əsasların olması qənaətinə gəldikdə və bu Məcəllənin 293-1-ci maddəsində nəzərdə tutulmuş hallar olmadıqda, yazılı məlumata və ya şifahi məlumatın qəbul edilməsi barədə protokola dərkənar qoymaqla məlumatın daxil olduğu vaxtdan 48 saatdan (hazırda 24 saat) gec olmayaraq cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılacaq.

Bundan başqa, artıq məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumatın təhqiqatçıya, müstəntiqə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora daxil olduğu vaxtdan 10 gün müddətində deyil, 30 gün müddətində aparılacaq.

Qanun layihəsinə əsasən, Məcəllənin bəzi maddələrində "şikayət" sözü "məlumat" sözü ilə əvəz edilir. Bu dəyişiklik bəzi hallarda məlumat verən şəxsin niyyətinin şikayət etmək deyil, sadəcə baş vermiş cinayət hadisəsi barədə səlahiyyətli orqanları məlumatlandırmaqdan ibarət ola bilməsi ilə əlaqədardır.

Eyni zamanda sənəddə hüquqi şəxslər tərəfindən də cinayət hadisəsi barədə məlumat verilməsinin mümkünlüyü nəzərə alınaraq böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı məlumatda və ya şifahi məlumatın qəbul edilməsi barədə protokolda, həmçinin məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolda hüquqi şəxsin adı, olduğu yer və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin göstərilməsi ilə bağlı müvafiq dəyişiklik nəzərdə tutulur.