
Azərbaycanın günəşi: 22 ilin uğur salnaməsi
2003-cü il 15 oktyabr tarixi Azərbaycan üzərinə yeni bir günəşin doğduğu gün kimi tarixə düşdü. Həmin gündən etibarən ölkəmiz inkişaf, tərəqqi və qələbə yoluna qədəm qoydu.
Son 22 ilə nəzər saldıqda görürük ki, Azərbaycan bu illər ərzində dünyanın güc mərkəzlərindən birinə çevrilib. Ölkəmiz bu gün təkcə regionda deyil, qlobal miqyasda söz sahibi olan dövlətlər sırasında yer alır.
Azərbaycan idman ölkəsinə çevrildi, iqtisadiyyatımız sürətlə inkişaf etdi. Ən önəmlisi isə, 30 il işğal altında qalmış torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edildi. Dəmir yumruq düşmənin başını əzdi və Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. Bu qələbə ilə ölkəmiz təkcə regionda deyil, ABŞ da daxil olmaqla, bir çox dövlətlərin rəğbətini qazandı.
Bu illər ərzində Azərbaycanın maliyyə sistemində davamlı inkişaf müşahidə olundu, müasir, intizamlı və döyüş qabiliyyəti yüksək olan ordu formalaşdı. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan bu gün dünya siyasi arenasında söz sahibi olan ölkə kimi tanınır.
ABŞ-ın keçmiş prezidenti Donald Trampın son sammitdə dediyi “Onunla heç kim düşmən olmaq istəməz” sözləri əslində bir mesaj idi.
Bu, dünyaya yönəlmiş ismarış idi – hər bir dövlət bu sözlərin özünə aid hissəsini gördü. Çünki bu gün Azərbaycan artıq güc dövlətidir və bu, hər bir azərbaycanlının qürur mənbəyidir.
Dünya miqyasında keçirilən geosiyasi sammitlərdə İlham Əliyevin fəal iştirakı onun dərin zəkaya, uzaqgörənliyə və yüksək siyasi bacarığa malik lider olduğunu bir daha sübut edir.
Bu gün dünya bir mənalı şəkildə qəbul edir ki, Azərbaycan Prezidenti İlham Əliyev qlobal siyasətdə aparıcı güc sahibidir. Son 22 il ərzində ölkəmizin siyasi, iqtisadi və hərbi yüksəlişi, beynəlxalq nüfuzunun artması məhz onun rəhbərliyi ilə mümkün olub.
Bəli, bu yüksəlişin sahibi səngərdə Dəmir Yumruq, siyasətdə üstün zəka sahibi Prezident İlham Əliyevdir. Biz fəxrlə deyirik ki, yeni dünya nizamında Azərbaycan uduzmadı, əksinə, qalib xalqlar sırasında ən ön sırada dayandı.
Tanrı Prezidentimizi qorusun, dövlətimizi daim ucaltsın!
Nicat ALLAHVERDİYEV
İdman ustası