Daralan Hörmüzə alternativ: Azərbaycanın qlobal enerji körpüsü rolu

Daralan Hörmüzə alternativ: Azərbaycanın qlobal enerji körpüsü rolu

20 Aprel 2026

Neft sənayesinin tarixi çox vaxt ABŞ və Yaxın Şərqlə əlaqələndirilsə də, onun kökləri daha qədimdir. 1803-cü ildə Bakı yaxınlığında, Abşeron yarımadasında dənizdə qazılan ilk neft quyusu (XIX əsrin əvvəllərində dünyada ilk dəfə olaraq Bibiheybətdə sahildən 30 metr aralı dənizdə qazılmış əl quyusundan neft hasil edilmişdir) müasir neft sənayesinin başlanğıcı kimi qiymətləndirilir. XIX əsrin ikinci yarısında Bakı dünya neft hasilatının əsas mərkəzinə çevrilərək qlobal istehsalın yarıdan çoxunu təmin edirdi. Bu dövrdə Nobel və Rothschild kimi nüfuzlu fiqurlar, eləcə də rus tacirləri regiona böyük sərmayələr yatıraraq “qara qızıl” uğrunda rəqabəti gücləndirmişdilər.

XX əsrdə Sovet İttifaqı hakimiyyəti qurulduqdan sonra Xəzər hövzəsi qapalı iqtisadi sistemə daxil edildi və beynəlxalq bazarlardan təcrid olundu. Bu vəziyyət təxminən 70 il davam etdi. Yalnız Sovet İttifaqının dağılması ilə region yenidən qlobal enerji xəritəsinə qayıtdı. Nəticədə Xəzər sahillərində yeni müstəqil dövlətlər — Azərbaycan, Qazaxıstan və Türkmənistan beynəlxalq enerji siyasətində mühüm aktorlara çevrildilər (İran isə regionun ənənəvi oyunçusu olaraq qalırdı).

Müasir dünyada enerji resursları, xüsusilə neft, dövlətlərin iqtisadi və siyasi gücünün əsas sütunlarından biri hesab olunur. Lakin təkcə neftə sahib olmaq kifayət etmir. Əsas məsələ bu resursların dünya bazarlarına təhlükəsiz və müstəqil şəkildə çıxarılmasıdır. Əks halda, resurs bolluğu iqtisadi üstünlük deyil, əksinə, geosiyasi asılılıq mənbəyinə çevrilə bilər.

İqtisadi suverenlik yalnız daxili istehsal və resurslara nəzarətlə ölçülmür. Bu suverenlik həm də məhsulların, xüsusilə strateji resursların xarici bazarlara çıxarılması imkanından asılıdır. Əgər bir ölkə öz neftini sərbəst şəkildə ixrac edə bilmirsə, bu, onun iqtisadi müstəqilliyini ciddi şəkildə məhdudlaşdırır. Nəticədə ölkə tranzit marşrutlarından, qonşu dövlətlərdən və ya qlobal güclərin siyasi iradəsindən asılı vəziyyətə düşür.

Dünya neft ticarətinin böyük hissəsi Hörmüz boğazı vasitəsilə həyata keçirilir. Bu dar su yolu strateji baxımdan olduqca həssasdır. Regionda baş verən hər hansı hərbi gərginlik və ya siyasi qarşıdurma qlobal enerji bazarlarında dərhal qiymət dalğalanmalarına səbəb olur.

Hörmüz boğazının riskli olması onu göstərir ki, enerji ixracatçısı olan ölkələr alternativ marşrutlara malik olmadıqda ciddi təhlükələrlə üz-üzə qalır. Bu isə iqtisadi sabitliyi zəiflədir və uzunmüddətli inkişafı risk altına salır.

Məhz bu baxımdan Bakı-Tbilisi-Ceyhan boru kəməri xüsusi əhəmiyyət kəsb edir və onun strateji rolu əvəzolunmazdır. Bu layihənin reallaşması birbaşa olaraq Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti ilə bağlıdır. O, 1990-cı illərin mürəkkəb geosiyasi şəraitində Azərbaycanın enerji resurslarını yalnız iqtisadi deyil, həm də siyasi alətə çevirməyi bacardı. “Əsrin müqaviləsi” kimi tanınan beynəlxalq neft sazişləri ilə Qərb şirkətlərini Xəzərə cəlb edən Ümummilli Lider eyni zamanda neftin ixrac marşrutlarının şaxələndirilməsinin vacibliyini öncədən görürdü.

2006-cı ildə istismara verilən Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri Xəzər neftini Gürcüstan üzərindən Türkiyənin Aralıq dənizi sahilinə çatdıraraq onu Hörmüz boğazı kimi geosiyasi risklərdən yan keçirməyə imkan yaratdı. Bu layihə təkcə enerji infrastrukturu deyil, həm də regional əməkdaşlığın və Qərblə inteqrasiyanın simvoluna çevrildi. Azərbaycanın dünya enerji bazarına birbaşa çıxışı təmin olundu, ölkənin geosiyasi çəkisi artdı və Xəzər hövzəsi qlobal enerji xəritəsində yenidən strateji mövqe qazandı.

Beləliklə, Bakı və ümumilikdə Xəzər regionu həm neft sənayesinin tarixi beşiyi, həm də müasir dövrdə enerji təhlükəsizliyinin əsas sütunlarından biri kimi çıxış edir.

Tranzit asılılığının azaldılması, Qərb bazarlarına birbaşa çıxış, regionda siyasi balansın gücləndirilməsi və enerji təhlükəsizliyinin təmin olunması BTC-ni yalnız iqtisadi layihə deyil, eyni zamanda geosiyasi alətə çevirir. Bu kəmər Azərbaycanın iqtisadi suverenliyini gücləndirən əsas infrastrukturlardan biri hesab olunur.

Tarix göstərir ki, enerji resursları uğrunda rəqabət çox zaman münaqişələrə səbəb olub. Yaxın Şərqdə, Afrikada və digər regionlarda baş verən bir çox müharibələrin arxasında enerji resurslarına nəzarət amili dayanır.

Neft yalnız iqtisadi deyil, həm də siyasi və hərbi güc alətidir. Böyük dövlətlər enerji marşrutlarına nəzarət etmək, strateji boğazları qorumaq və ya rəqiblərinin çıxış imkanlarını məhdudlaşdırmaq üçün hərbi mövcudluq, siyasi təzyiq, iqtisadi sanksiyalar və regional ittifaqlar kimi müxtəlif vasitələrdən istifadə edir.

Neftə sahib olmaq iqtisadi güc üçün mühüm şərtdir, lakin kifayət deyil. Əsas məsələ bu resursların təhlükəsiz, müstəqil və davamlı şəkildə bazarlara çıxarılmasıdır. Əks halda, enerji zənginliyi ölkəni daha çox asılı və həssas vəziyyətə sala bilər. Bu baxımdan alternativ ixrac marşrutlarının yaradılması, geosiyasi risklərin azaldılması və iqtisadi suverenliyin qorunması müasir dövlət siyasətinin əsas prioritetlərindən biridir.

Hörmüz boğazı ətrafında gərginliklərin artdığı bir mərhələdə enerji təhlükəsizliyi yenidən qlobal siyasətin əsas prioritetinə çevrilir. Belə bir şəraitdə Xəzər hövzəsi, xüsusilə də Azərbaycan, BTC sayəsində yalnız regional deyil, həm də beynəlxalq miqyasda strateji əhəmiyyətini daha qabarıq şəkildə nümayiş etdirir və qlobal enerji balansının formalaşmasında açar oyunçulardan biri kimi ön plana çıxır.

Əlövsət HÜSEYNQULİYEV

AŞPA üzvü statusuna malik Beynəlxalq Antiterror Birliyinin Prezidentinin müşaviri