Görünməz, lakin ölümcül təhlükə
Dəm qazı ilə zəhərlənmə insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan, əksər hallarda isə təhlükəsizlik qaydalarına əməl edilməməsi nəticəsində baş verən bədbəxt hadisələrdəndir. Xüsusilə payız-qış mövsümündə, havaların soyuması ilə əlaqədar qazla işləyən suqızdırıcılarından, istilik sobalarından və digər məişət qaz avadanlıqlarından istifadənin artması bu problemin aktuallığını daha da yüksəldir.
Müvafiq dövlət qurumları tərəfindən aparılan maarifləndirmə tədbirlərinə, kütləvi informasiya vasitələrində yayımlanan xəbərdarlıqlara baxmayaraq, dəm qazı ilə zəhərlənmə halları hələ də ciddi narahatlıq doğurur. Bu isə göstərir ki, problemin həlli üçün yalnız məlumatlandırma deyil, eyni zamanda texniki təhlükəsizlik tələblərinə əməl olunması, qaz avadanlıqlarına müntəzəm nəzarət və vətəndaşların şəxsi məsuliyyətinin artırılması vacibdir.
Dəm qazı, yəni karbon monoksid (CO), rəngsiz, iysiz və dadsız, yüksək zəhərləyici təsirə malik qazdır. Onun ən təhlükəli xüsusiyyəti insan tərəfindən hiss edilməməsidir. Başqa sözlə, dəm qazının mövcudluğunu qoxu və ya görünüş vasitəsilə müəyyən etmək mümkün deyil. Buna görə də o, haqlı olaraq “səssiz qatil” adlandırılır.
Dəm qazı əsasən təbii qazın və digər karbon tərkibli yanacaqların kifayət qədər oksigen olmayan şəraitdə natamam yanması nəticəsində əmələ gəlir. Qaz cihazlarının nasazlığı, tüstü bacalarının tutulması, havalandırmanın zəif olması və yanma üçün lazımi miqdarda havanın daxil olmaması bu prosesin əsas səbəblərindəndir.
İnsan dəm qazı olan hava ilə nəfəs aldıqda, qaz ağciyərlərdən qana keçir və hemoqlobinlə oksigenlə müqayisədə daha möhkəm birləşərək karboksihemoqlobin əmələ gətirir. Nəticədə qanın oksigeni orqan və toxumalara çatdırmaq qabiliyyəti azalır. İlk növbədə oksigen çatışmazlığına həssas olan baş beyin və ürək zərər görür.
Zəhərlənmənin ilkin əlamətləri baş ağrısı, başgicəllənmə, halsızlıq, ürəkbulanma, qusma və ümumi zəiflik ola bilər. Ağır hallarda şüurun itirilməsi, qıcolmalar, ürək ritminin pozulması, tənəffüs çatışmazlığı və ölüm baş verə bilər. Əlamətlərin ağırlığı qazın konsentrasiyasından, təsir müddətindən və insanın sağlamlıq vəziyyətindən asılıdır.
Əsas təhlükə ondan ibarətdir ki, zəhərlənən şəxs baş verənləri vaxtında dərk etməyə, təhlükəli mühiti tərk etməyə və kömək çağırmaya bilər. Buna görə də dəm qazından qorunmağın ən etibarlı yolu onun yaranmasının qarşısını almaq və təhlükəsizlik vasitələrindən istifadə etməkdir.
Aparılan araşdırmalar göstərir ki, məişətdə dəm qazı ilə zəhərlənmə hadisələri əsasən üç növ qaz avadanlığının istismarı zamanı baş verir: hamam otaqlarında quraşdırılmış qazla işləyən suqızdırıcıları, yaşayış otaqlarında istifadə edilən qızdırıcı sobalar və mənzillərin qızdırılması məqsədilə nəzarətsiz şəkildə yandırılan qaz plitələri.
Bu hadisələrin baş verməsinə səbəb olan əsas amillər aşağıdakılardır:
Qaz avadanlıqlarının texniki nasaz vəziyyətdə istismar edilməsi.
Tüstü bacalarının tutulması, düzgün quraşdırılmaması və vaxtında təmizlənməməsi.
Otaqlarda ventilyasiya və hava mübadiləsinin kifayət qədər təmin olunmaması.
Standartlara uyğun olmayan, kustar üsulla hazırlanmış və ya təhlükəsizlik avtomatikası olmayan cihazlardan istifadə edilməsi.
Qaz avadanlıqlarının müvafiq ixtisası olmayan şəxslər tərəfindən quraşdırılması və təmir edilməsi.
Qaz cihazlarının özbaşına dəyişdirilməsi və qaz xətlərinə icazəsiz müdaxilə olunması.
Qaz cihazlarının işlək vəziyyətdə nəzarətsiz, xüsusilə də yuxu zamanı açıq saxlanılması.
İstismar müddəti başa çatmış və köhnəlmiş avadanlıqlardan istifadə edilməsi.
Qaz cihazlarının təhlükəsizlik tələblərinə uyğun olmayan otaqlarda yerləşdirilməsi.
Xüsusilə qeyd etmək lazımdır ki, otağın isti olması təhlükəsiz olması demək deyil. Qaz plitəsindən evi qızdırmaq məqsədilə istifadə etmək, ventilyasiya dəliklərini bağlamaq və nasaz cihazı işlətməyə davam etmək insan həyatını birbaşa təhlükəyə atır.
Digər mühüm məsələ tüstü bacaları və havalandırma sistemləri ilə bağlıdır. Bu sistemlər yanma məhsullarının otaqdan təhlükəsiz şəkildə xaric olunmasını və yanma üçün lazımi havanın təmin edilməsini həyata keçirir. Onların tutulması və ya işləməməsi dəm qazının yaşayış sahəsinə dolmasına səbəb ola bilər.
Dəm qazı ilə zəhərlənmələrin qarşısının alınması üçün profilaktik tədbirlər
Dəm qazı ilə zəhərlənmə hallarının qarşısını almaq üçün profilaktik tədbirlər kompleks şəkildə həyata keçirilməlidir. Bu tədbirlər qaz avadanlıqlarının təhlükəsiz quraşdırılmasını, texniki baxışını, düzgün istismarını və əhalinin maarifləndirilməsini əhatə edir.
Birinci növbədə, qaz avadanlıqlarının quraşdırılması və texniki vəziyyətinə nəzarət təmin edilməlidir. Mənzillərdə yalnız qüvvədə olan təhlükəsizlik tələblərinə uyğun qaz cihazlarından istifadə olunmalı, onların quraşdırılması və təmiri ixtisaslı mütəxəssislərə həvalə edilməlidir. Qaz cihazlarının təhlükəsizlik avtomatikası və qoruyucu qurğuları saz vəziyyətdə saxlanılmalıdır. Alov söndükdə və ya yanma məhsullarının xaric olunmasında problem yarandıqda qazın verilməsini dayandıran sistemlərin mövcudluğu və işləkliyi xüsusi əhəmiyyət daşıyır.
İkinci növbədə, tüstü bacalarının və ventilyasiya sistemlərinin sazlığına diqqət yetirilməlidir. Tüstü bacaları və havalandırma kanalları mütəmadi yoxlanılmalı, tutulma və digər nasazlıqlar vaxtında aradan qaldırılmalıdır. Havalandırma dəliklərini bağlamaq, hava axınının qarşısını almaq və tüstü bacalarına özbaşına müdaxilə etmək yolverilməzdir. Bu işlər müvafiq qaydada və ixtisaslı şəxslər tərəfindən həyata keçirilməlidir.
Üçüncü növbədə, dəm qazı detektorlarından istifadə genişləndirilməlidir. Mənzillərdə karbon monoksidi aşkar edən, təhlükəli konsentrasiya yarandıqda səsli siqnal verən detektorların quraşdırılması zəhərlənmə riskinin azaldılmasına kömək edir. Detektorlar istehsalçının göstərişlərinə uyğun yerləşdirilməli, onların işləkliyi mütəmadi yoxlanılmalı və batareyaları vaxtında dəyişdirilməlidir. Bununla yanaşı, detektorun olması qaz avadanlıqlarına texniki baxışı və ventilyasiya sistemlərinin yoxlanılmasını əvəz etmir.
Dördüncü növbədə, qaz cihazlarından istifadə qaydalarına ciddi əməl olunmalıdır. Qaz piltəsi yaşayış sahəsini qızdırmaq üçün istifadə edilməməli, qazla işləyən suqızdırıcıları və qızdırıcı sobalar nəzarətsiz saxlanılmamalıdır. Qaz cihazları ilə təchiz olunmuş otaqlarda lazımi hava mübadiləsi təmin edilməlidir. Cihazın işində qeyri-adi hal, yanmanın pozulması və ya tüstü bacasının işləməməsi müşahidə edildikdə, cihazdan istifadə dayandırılmalı və mütəxəssis çağırılmalıdır.
Dəm qazı təhlükəsi yarandıqda görülməli tədbirlər
Əgər insanda dəm qazı ilə zəhərlənmənin əlamətləri müşahidə edilirsə və ya otaqda dəm qazının olması ehtimalı yaranırsa, dərhal təhlükəli ərazidən çıxmaq və təmiz havaya keçmək lazımdır. Təhlükəsiz olduğu halda ətrafdakı şəxslərin də binanı tərk etməsinə kömək edilməli, təcili tibbi yardıma və müvafiq qəza xidmətinə məlumat verilməlidir.
Qaz cihazlarını söndürmək və ya pəncərə açmaq üçün təhlükəli otaqda qalmaq olmaz. Elektrik açarlarından və qığılcım yarada biləcək cihazlardan istifadə edilməməlidir. Xilasedici hazırlığı olmayan şəxslər öz həyatlarını təhlükəyə ataraq qazla dolmuş sahəyə daxil olmamalıdırlar.
Zəhərlənmə şübhəsi olan şəxs özünü yaxşı hiss etsə belə, tibbi müayinədən keçməlidir. Çünki dəm qazı ilə zəhərlənmənin ciddi nəticələri bəzən ilkin əlamətlər zəif olduqda da yarana bilər.
Hər birimiz bilməliyik ki, təhlükəsizlik qaydalarına əməl etmək, qaz avadanlıqlarına dövri baxış keçirmək, tüstü bacalarını və ventilyasiya sistemlərini saz saxlamaq, dəm qazı detektorlarından istifadə etmək sadəcə tövsiyə deyil, həyatımızı qorumağın vacib şərtləridir.
Unutmamalıyıq ki, dəm qazının nə rəngi, nə qoxusu, nə də dadı var. Buna görə də təhlükəni hiss etməyi gözləmək olmaz. Təhlükəsizliyi əvvəlcədən təmin etmək, riskləri vaxtında müəyyənləşdirmək və düzgün davranış qaydalarına əməl etmək lazımdır.
Şahin RƏHİMOV
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin
Məhkəmə Ekspertizası Mərkəzinin Mühəndis-texniki ekspertizası bölməsinin aparıcı eksperti








