Ermənilər Azərbaycana gəldi, paytaxtı gəzdi - ŞƏRH
21-22 noyabr 2025-ci il tarixlərində "Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupun Azərbaycana səfəri baş tutmuşdur.
Bu kimi görüşlərin əsas mahiyyəti ondan ibarətdir ki, sülh prosesi təkcə dövlətlər səviyyəsində deyil, cəmiyyətlər arasında da real dialoq mühiti yaratsın.
İllərlə davam edən qarşıdurmadan sonra insanların bir masa arxasında oturması özü artıq mühüm siqnaldır. Yəni, tərəflər tədricən emosiyadan rasionallığa keçir və bu, sülhün ən çətin, amma vacib mərhələsidir.
Belə təşəbbüslər həm də yanlış təsəvvürlərin qırılmasına xidmət edir. Xüsusilə media nümayəndələrinin, analitiklərin, vətəndaş cəmiyyəti təmsilçilərinin bir araya gəlməsi məlumat axınını daha sağlam edir və manipulyasiya riskini azaldır.
Bundan əlavə, bu görüşlər tərəflərin bir-birini daha yaxşı tanımasına şərait yaradır. İkitərəfli münasibətlərdə əsas problem çox vaxt informasiyanın qapalı olmasıdır. Birbaşa təmaslar isə həm stereotypləri aradan qaldırır, həm də sülhün sosial dayaqlarını gücləndirir.
Nəticə etibarilə, “Sülh Körpüsü” kimi təşəbbüslər dövlətlər arasında aparılan danışıqlara ictimai dəstək formalaşdırır. Sülh təkcə imzalanan sənəddən ibarət deyil, həm də cəmiyyət tərəfindən qəbul olunduqda və dəstəkləndikdə davamlı olur. Bu görüşlər də məhz həmin dəstəyin yaranmasına hesablanmış addımlardır.









