Hüseyn Cavidin anadan olmasının 144-cü ildönümü qeyd olunub -

Hüseyn Cavidin anadan olmasının 144-cü ildönümü qeyd olunub - FOTO

23 Oktyabr 2026

Oktyabrın 24-də görkəmli şair, dramaturq və mütəfəkkir Hüseyn Cavidin anadan olmasının 144-cü ildönümüdür.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu münasibətlə oktyabrın 23-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fazil Məmmədov, tədbir iştirakçıları və qonaqlar əvvəlcə Hüseyn Cavidin Naxçıvan şəhərindəki məqbərəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Daha sonra Hüseyn Cavidin ev-muzeyi ziyarət olunub, burada böyük sənətkarın həyat və yaradıcılığını əks etdirən eksponatlarla tanışlıq olub.

Sonra tədbir Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında davam etdirilib.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fazil Məmmədov çıxış edərək Hüseyn Cavidin zəngin yaradıcılıq irsinin milli-mənəvi əhəmiyyətindən danışıb. Qeyd olunub ki, ədibin irsi yalnız Azərbaycan ədəbiyyatının deyil, bütövlükdə bəşər mədəniyyətinin qiymətli sərvətlərindən biridir. Fazil Məmmədov Ulu Öndər Heydər Əliyevin Hüseyn Cavid irsinin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətindəki tarixi xidmətlərini vurğulayıb. Bildirilib ki, 1982-ci ildə Hüseyn Cavidin nəşinin uzaq Sibirdən doğma Naxçıvana gətirilməsi və 1996-cı ildə böyük sənətkarın məqbərəsinin ucaldılması Cavid irsinə göstərilən yüksək ehtiramın ifadəsidir. Fazil Məmmədov Prezident İlham Əliyev tərəfindən də Hüseyn Cavid irsinin yaşadılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.

Sonra Hüseyn Cavid yaradıcılığının tədqiqatçısı, filologiya elmləri doktoru Lütviyyə Əsgərzadə şairin yaradıcılığından danışıb. O, Hüseyn Cavid yaradıcılığının əbədiyaşarlığına diqqət çəkərək bildirib ki, böyük sənətkar nə yazırdısa, əbədiyyət üçün yazırdı və onun bəşəri duyğuları daim yaşayacaq.

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov çıxışında Hüseyn Cavidin Azərbaycan dramaturgiyasında yeni mərhələnin əsasını qoyduğunu, milli teatrın inkişafına güclü təsir göstərdiyini vurğulayıb. O, dramaturqun Azərbaycan teatr səhnələrində, eləcə də Naxçıvan teatrında tamaşaya qoyulan əsərləri haqqında məlumat verib.

Tədbir “Carçı” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva, şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Məhəbbət İbrahimova və jurnalist, pedaqoq Ulduz Eyvazqızının çıxışları ilə davam edib.

Tədbirin bədii hissəsində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının aktyorları — Xalq artisti Həsən Ağasoy, Şölə Alışova və Anar Eyvazov Hüseyn Cavidin yaradıcılığından ibarət ədəbi-bədii kompozisiya təqdim ediblər.