Təhsil Nazirliyində tekstil sahəsinin nümayəndələri və investorlarla görüş keçirib -

Təhsil Nazirliyində tekstil sahəsinin nümayəndələri və investorlarla görüş keçirib - FOTO

23 Oktyabr 2026

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində tekstil sahəsinin nümayəndələri və investorlarla görüş keçirib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşdə Azərbaycan Tekstil Assosiasiyasının icraçı direktoru Fəridə Axundova, Beynəlxalq Tekstil İstehsalçıları Federasiyasının vitse-prezidenti, DİKTAŞ şirkətinin rəhbəri Mustafa Denizer, “Azəripək” ASC-nin idarə heyətinin sədri Anar Dadaşev, “Prime Cotton” MMC-nin baş icraçı direktorunun müavini Həşim Əliyev və GİLTEKS MMC-nin baş əməliyyat direktoru Ali Hikmet Karaoğlu iştirak ediblər.

Görüşün məqsədi Naxçıvanda yaradılması nəzərdə tutulan yeni istehsal müəssisələrində yerli kadrların məşğulluğunun təmin edilməsi, xüsusilə peşə təhsili müəssisələrinin məzunlarının iş imkanlarının artırılması məsələlərini müzakirə etmək olub.

Təhsil naziri Ovni Muradov çıxışında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda peşə təhsilinin inkişafı və əmək bazarının tələblərinə uyğun kadr hazırlığının prioritet istiqamətlər kimi müəyyənləşdirildiyini vurğulayıb.

Qeyd olunub ki, Dövlət Proqramının icrası çərçivəsində peşə təhsili müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. 2024-cü il 7 may tarixli müvafiq Fərmana əsasən, Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi ilə Naxçıvan Şəhər Peşə Liseyinin bazasında Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb, Şərur və Ordubad Texniki Peşə və Sürücülük məktəbləri isə peşə liseylərinə çevrilib.

Bildirilib ki, hazırda Təhsil Nazirliyinin tabeliyindəki üç peşə təhsili müəssisəsində 45 ixtisas üzrə 55 qrupda 967 tələbə təhsil alır. Məzunların ixtisaslarına uyğun məşğulluğunun təmin edilməsi, istehsalat təcrübəsinə cəlb olunması və işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir.

Görüşdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin əməkdaşları da qurumun tabeliyindəki Naxçıvan Regional Peşə Hazırlıq Mərkəzinin imkanları barədə məlumat veriblər.

Müzakirələr zamanı məzunların şirkətlərdə təlim və təcrübə proqramlarına cəlb edilməsi, yeni istehsal müəssisələrinin tələblərinə uyğun ixtisasların müəyyənləşdirilməsi, işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi və təcrübəli mütəxəssislərin tədris prosesinə cəlbi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılmasının, təhsil müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlığın gücləndirilməsinin və məzunların məşğulluq imkanlarının artırılmasının əhəmiyyəti vurğulanıb.