
Mətin Kamal yazır: Naxçıvanla Urumçi yeni strateji əməkdaşlığa yol açır
2025-ci il aprelin 23-də Pekində baş tutan mühüm diplomatik görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasına dair rəsmi sənəd – Niyyət Məktubu imzalandı.
Sənədi Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov və Urumçi şəhərinin meri Yakub Paydulla imzaladı.
Bu hadisə təkcə iki şəhər arasında dostluq və əməkdaşlığın təməlini qoymur, eyni zamanda regionlararası iqtisadi, mədəni və siyasi münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.
Naxçıvan və Urumçi şəhərləri qədim İpək Yolunun üzərində yerləşən və tarixən Şərqlə Qərb arasında körpü rolunu oynamış mədəniyyət mərkəzləridir. Hər iki şəhərin zəngin mədəni irsi, tarixi abidələri və multikultural dəyərləri bu əməkdaşlığı yalnız siyasi yox, həm də mədəniyyətlərarası dialoqun bir hissəsinə çevirir.
Bu qardaşlaşma çərçivəsində qarşılıqlı mədəni tədbirlərin, sənət festivallarının və təhsil mübadilələrinin təşkil olunması gözlənilir.
İmzalanmış Niyyət Məktubu iqtisadi baxımdan hər iki şəhər üçün mühüm potensial daşıyır.
Bilirik ki, hazırda Naxçıvan Muxtar Respublikasında ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə böyük iqtisadi islahatlar aparılır. Muxtar Respublikanın sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı uğurla icra olunur. Naxçıvan üçün yeni sərmayələr, xarici iqtisadi əlaqələr də böyük önəm daşıyır. Bu qardaşlaşma məhz bu baxımdan da önəmlidir.
Digər tərəfdən Urumçi Çinin “Bir Kəmər, Bir Yol” strategiyasının əsas ticarət qovşaqlarından biridir. Bu şəhər Orta Asiyaya və qərb istiqamətindəki bazarlara çıxış üçün tranzit qapı funksiyasını yerinə yetirir. Urumçi ilə əməkdaşlıq Naxçıvanın Çinin daxili bazarına və digər Asiya ölkələrinə çıxışını təmin edə bilər. Bundan əlavə Naxçıvanda sənaye parklarının yaradılması, birgə investisiya layihələri, logistika mərkəzləri və nəqliyyat əlaqələrinin inkişafı bu əməkdaşlığın iqtisadi səmərəliliyini artıracaq.
Prezident İlham Əliyevin açıqladığı strategiyada Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun vahid iqtisadi və enerji məkanına çevrilməsi hədəflənir. Bu istiqamətdə Naxçıvanın regional və beynəlxalq əlaqələrinin genişləndirilməsi əsas prioritetlərdən biridir. Belə bir şəraitdə Naxçıvan-Urumçi münasibətləri Azərbaycanın Çinlə olan əməkdaşlıq strategiyasının vacib elementi kimi çıxış edir.
Bu əməkdaşlıq çərçivəsində Zəngəzur dəhlizinin gələcəkdə Çinin Mərkəzi Asiya və Qafqazla iqtisadi əlaqələrində oynayacağı rolu da nəzərə almaq lazımdır. Naxçıvan-Urumçi münasibətləri Azərbaycanın bu strateji layihələrdə aktiv iştirakını gücləndirə bilər.
Naxçıvan şəhəri ilə Urumçi şəhəri arasında qardaşlaşma iki region arasında sadəcə mədəni yaxınlaşma deyil, strateji iqtisadi və siyasi əməkdaşlıq platformasına çevrilmək potensialına malikdir.
Azərbaycan və Çin kimi iki strateji tərəfdaş ölkənin regionları arasında qurulan bu münasibət həm lokal, həm də qlobal miqyasda müsbət nəticələr verəcək – bu, təkcə sənəd deyil, gələcəyə uzanan iqtisadi, mədəni və siyasi körpüdür.
Mətin Kamal
İqtisadçı-jurnalist