
Naxçıvan Dövlət Milli Dram Teatrı Dənizlidə keçirilən beynəlxalq festivalda çıxış edəcək
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi Türkiyəyə yola düşüb. Teatr heyəti 14 nəfərlik aktyor və yaradıcı qrupla 37-ci Dənizli Beynəlxalq Teatr Festivalında iştirak edəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, festival çərçivəsində Naxçıvan Dövlət Milli Dram Teatrı tanınmış rus dramaturqu Qriqori Qorinin “Herostratı unudun” əsəri ilə qardaş ölkənin sənətsevərləri və digər ölkələrdən gələn qonaqlar qarşısında çıxış edəcək.
Tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Əməkdar rəssam Səyyad Bayramov, musiqi tərtibatçısı isə İbrahim Əliyevdir.
Səhnə əsərində xalq artisti Rza Xudiyev, əməkdar artistlər Səməd Canbaxşiyev, Bəhruz Haqverdiyev, Əbülfəz İmanov, eləcə də aktyorlar Zakir Fətəliyev, Zəminə Məmmədova, Səkinə Məmmədova, Anar Eyvazov, Saynur Babayev və Xəlil Hüseynov çıxış edəcəklər.
37-ci Dənizli Beynəlxalq Teatr Festivalı mayın 23-də başlayıb və iyunun 2-dək davam edəcək.