Naxçıvan Dövlət Milli Dram Teatrı XI Dionis Teatr Şənliyi və Təlim Düşərgəsində uğurla təmsil olunub -

Naxçıvan Dövlət Milli Dram Teatrı XI Dionis Teatr Şənliyi və Təlim Düşərgəsində uğurla təmsil olunub - FOTO

10 İyul 2026

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Türkiyənin Salihli şəhərində keçirilən XI Dionis Teatr Şənliyi və Təlim Düşərgəsində uğurla təmsil olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, teatrın direktor müavini və aktyoru Səməd Canbaxşiyev və teatrın aktrisası Ləman Vəliyeva festival proqramı çərçivəsində Balaxan Nəzərlinin "Gəmi batır" əsəri əsasında hazırlanmış tamaşanı açıq havada yerləşən tarixi daş səhnədə təqdim ediblər. Tamaşa festival iştirakçıları və çoxsaylı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb, aktyorların peşəkar ifası alqışlarla qarşılanıb.

Şənlik və təlim düşərgəsi çərçivəsində teatrın nümayəndələri ustad dərsləri də keçiblər. Teatrın direktor müavini və aktyoru Səməd Canbaxşiyev "Naxçıvan teatrında müasir oyun ustalığı" mövzusunda keçirilən ustad dərsində Naxçıvan teatr məktəbinin zəngin ənənələri, müasir aktyor sənətinin əsas prinsipləri, səhnə davranışı və yaradıcı axtarışlar barədə iştirakçılarla fikir mübadiləsi aparıb.

Aktrisa Ləman Vəliyeva isə "Səs və dans" mövzusunda təşkil olunan ustad dərsində aktyor sənətində səs texnikasının, nəfəsin, ritmin və bədən plastikasının əhəmiyyətindən bəhs edib, iştirakçılarla praktik məşğələlər keçirib.

Qeyd edək ki, XI Dionis Teatr Şənliyi və Təlim Düşərgəsi müxtəlif ölkələrdən teatr kollektivlərini, aktyorları, rejissorları və teatr pedaqoqlarını bir araya gətirən nüfuzlu beynəlxalq sənət platformalarından biridir. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının bu beynəlxalq tədbirdə iştirakı Azərbaycan teatr sənətinin tanıdılması, yaradıcılıq əlaqələrinin genişləndirilməsi və peşəkar təcrübə mübadiləsinin inkişafına mühüm töhfə verir.