Naxçıvan Əlilliyi olan şəxslərin Bərpa Mərkəzində 8 ayda 613 nəfərə reabilitasiya xidməti göstərilib
Naxçıvan Əlilliyi olan şəxslərin Bərpa Mərkəzində əlilliyi olan şəxslərə müxtəlif istiqamətlər üzrə tibbi reabilitasiya xidmətləri göstərilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Mərkəzə təşkil olunan mediatur zamanı Naxçıvan Əlilliyi olan şəxslərin Bərpa Mərkəzinin direktoru Zahir Vəliyev bildirib.
O qeyd edib ki, burada fizioterapiya, müalicəvi masaj və müalicəvi bədən tərbiyəsi istiqamətləri üzrə müxtəlif xidmətlər göstərilir.
Zahir Vəliyevin sözlərinə görə, cari ilin 8 ayı ərzində 613 nəfər Mərkəzin reabilitasiya xidmətlərindən yararlanıb. Postmüharibə dövründə isə müharibə ilə əlaqədar əlilliyi olan 104 nəfər reabilitasiya xidmətləri ilə təmin edilib.
“Son dövrdə Mərkəzin maddi-texniki imkanlarının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Xüsusilə Heydər Əliyev Fondu tərəfindən Mərkəzə bir sıra müasir reabilitasiya avadanlıqları hədiyyə edilib”, – deyə direktor qeyd edib.
O bildirib ki, reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə reabilitasiya xidməti göstərilən şəxslərin sayı 34 faiz artıb.
“Bütün bu fəaliyyətlərdə əsas məqsədimiz müraciət edən şəxslərin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına, gündəlik həyat fəaliyyətinin və sosial fəallığının artırılmasına dəstək göstərməkdir”, – Zahir Vəliyev deyib.











