Naxçıvanda məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma davam edir
Naxçıvanda ölkə üzrə mərkəzləşmiş qaydada məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi davam edir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iyulun 7-si saat 11:00-dan etibarən məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi davam edir. Qəbul prosesi myGov portalı vasitəsi ilə elektron qaydada həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki 20 məktəbəqədər təhsil müəssisəsi üzrə hazırda müxtəlif yaş qrupları üzrə 66 boş yer mövcuddur.
Məktəbəqədər təhsil müəssisələrində olan boş yerlərlə bağlı məlumat cədvəldə yerləşdirilib.
Nəzərinizə çatdırırıq ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək.
Valideyinlərin diqqqətinə bir daha çatdırırıq ki, dövlət məktəbəqədər təhsil müəssisəsinə, ilk növbədə prioriteti olan valideynlərin övladları, yəni, şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, tək işləyən valideynlərin, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi olan valideynlərin, hərbi xidmətdə olan valideynlərin, təhsilalan anaların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər.
Qeyd edək ki, uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il boyu davam etdiriləcək.








