Naxçıvanda 2026-cı il büdcə gəlirlərinin daxilolma mənbələri üzrə proqnoz göstəriciləri müəyyənləşib
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin sosial şəbəkə hesablarında yaydığı məlumata görə, gəlirlərin əsas hissəsi vergi orqanlarının xətti ilə daxilolmaların payına düşür. Belə ki, vergi orqanlarının xətti ilə büdcəyə 248 milyon 200 min manat vəsaitin daxil olacağı proqnozlaşdırılır.
Gəlir mənbələri arasında gömrük orqanlarının xətti ilə daxilolmalar 17 milyon 500 min manat, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar isə 2 milyon 731 min manat təşkil edir. Digər daxilolmaların həcmi 1 milyon 769 min manat səviyyəsində müəyyən olunub.
Bununla yanaşı, “Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə üzrə dövlət fondu”na 1 milyon manat, dövlət əmlakının icarəsindən isə 350 min manat vəsaitin daxil olması gözlənilir.
Proqnoza əsasən, Azərbaycan Respublikasının dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiya 211 milyon 628 min manat təşkil edəcək.









