
Naxçıvanda kənd təsərrüfatı siyahıyaalınmasına 723 nəfər cəlb olunub
2025-ci il iyulun 15-dən avqustun 15-dək ölkə üzrə keçiriləcək kənd təsərrüfatı siyahıyaalınması çərçivəsində Naxçıvan Muxtar Respublikasında hazırlıq işləri başa çatdırılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına və muxtar respublika üzrə təsərrüfatların sayına uyğun olaraq siyahıyaalmaya ümumilikdə 723 nəfər cəlb olunub. Onlardan 63-ü təlimatçı-nəzarətçi, 641-i sayıcı, 19-u isə ehtiyat sayıcıdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə siyahıyaalmanı həyata keçirəcək şəxslərin bölgüsü şəhər və rayonlar üzrə aşağıdakı kimidir: Naxçıvan şəhəri – 73 nəfər, Şərur – 186, Babək – 139, Ordubad – 102, Culfa – 77, Kəngərli – 54, Şahbuz – 45, Sədərək rayonu – 47 nəfər.
Siyahıyaalma ilk dəfə olaraq rəqəmsal texnologiyalar – planşet tipli kompüterlər vasitəsilə sorğu üsulu ilə aparılacaq. Bu məqsədlə müvafiq təlimlər təşkil olunub və texniki təminat məsələləri həll edilib.
Siyahıyaalmanın təşviqi məqsədilə muxtar respublikanın yaşayış məntəqələrində ümumilikdə 2176 ədəd vizual məlumat vasitəsi yerləşdirilib. Bunlardan 16-sı plakat-banner, 2160-ı isə plakatdır. Məlumat daşıyıcıları öncədən müəyyən edilmiş dislokasiyalara uyğun şəkildə quraşdırılıb.