Naxçıvanda qrant müsabiqəsi çərçivəsində ekoloji fəaliyyətlər həyata keçirilib - FOTO
Azərbaycan Respublikasının Gənclər Fondunun “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər” qrant müsabiqəsinin qalibi, “Naxçıvan Ekoloji Maarifləndirmə və Ətraf Mühitin Mühafizəsinə Dəstək” İctimai Birliyinin fəal üzvü Aytac Əliyevanın müəllifi olduğu “TerraNext – Gənc Ekoliderlər Proqramı” həyata keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, layihənin tərəfdaşları Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, “Naxçıvan Enerji” MMC və “Naxçıvan Ekoloji Maarifləndirmə və Ətraf Mühitin Mühafizəsinə Dəstək” İctimai Birliyi olub.
Üç gün davam edən proqram çərçivəsində gənclər üçün ekoloji maarifləndirmə tədbirləri, panel müzakirələri, təbiət və alternativ enerji mənbələrinə dair ekskursiyalar təşkil edilib. İştirakçılar Zəngəzur Milli Parkında ekoloji düşərgədə iştirak edib, külək turbinləri və günəş panellərini əhatə edən hibrid enerji stansiyası ilə tanış olub, ətraf mühitin mühafizəsi və yaşıl enerji mövzularında biliklərini artırıblar.
Proqram çərçivəsində, həmçinin maarifləndirici bukletlər paylanılıb, ağacəkmə və yaşıllıqlara qulluq aksiyası həyata keçirilib. Yekun tədbirdə layihənin nəticələri təqdim olunub, iştirakçılara fəal iştiraklarına görə təşəkkürnamələr verilib.
“TerraNext – Gənc Ekoliderlər Proqramı” gənclərin ekoloji biliklərinin artırılması, ətraf mühitin mühafizəsində təşəbbüskarlığının dəstəklənməsi, eləcə də komanda işi və təşkilatçılıq bacarıqlarının inkişafına töhfə verib.













