Naxçıvanda Regional Radiomonitorinq Stansiyası istifadəyə verilib - FOTO
Dövlət Radiotezliklər İdarəsi Naxçıvan şəhərində Regional Radiomonitorinq Stansiyasını istifadəyə verib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Stansiyanın fəaliyyətinin təşkili “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bilavasitə dəstəyi ilə həyata keçirilib.
Regional stansiya zəruri texniki inventar, ölçü avadanlıqları və nəqliyyat vasitəsi ilə təmin edilib.
Stansiyanın əsas fəaliyyət istiqamətləri muxtar respublika ərazisində radiotezlik spektrindən, radioelektron vasitələrindən istifadəyə nəzarətin gücləndirilməsi, operativ radiomonitorinqin həyata keçirilməsi, radioyayım və digər radioelektron vasitələrin işinin təhlilindən ibarətdir.
Stansiyanın fəaliyyəti çərçivəsində muxtar respublika ərazisindəki mobil rabitə operatorları və digər radiotezlik istifadəçiləri haqqında məlumatların toplanması, uçotunun aparılması, onların fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması, eləcə də radiotezlik resurslarından istifadəyə dair məlumat bazasının formalaşdırılması nəzərdə tutulur.
Bununla yanaşı, radiomonitorinq infrastrukturunun genişləndirilməsi məqsədilə Sədərək rayonunda avtonom radiomonitorinq stansiyası istifadəyə verilib. Naxçıvan şəhərində fəaliyyət göstərən mövcud avtonom stansiyanın isə proqram təminatı yenilənib və məsafədən idarəetmə imkanları təkmilləşdirilib.
Həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında radiotezlik spektrinin idarə olunmasının təkmilləşdirilməsinə, icazəsiz istifadə olunan radioelektron vasitələrin aşkar edilməsinə, xüsusilə qonşu ölkələrlə beynəlxalq tezlik koordinasiyası üzrə öhdəliklərin yerinə yetirilməsinə, həmçinin radiotezlik resurslarından səmərəli və qanunvericiliyə uyğun istifadənin təmin edilməsinə töhfə verəcək.












