Ordubad rayon tam orta internat məktəbinin şagirdləri ziyarət edilib - FOTO
“Uşaq Hüquqları Aylığı” çərçivəsində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və “Cahan Şirkətlər Qrupu”nun birgə təşkilatçılığı ilə Ordubad şəhərində yerləşən Məhəmməd Füzuli adına tam orta internat məktəbində tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev uşaqların hüquqlarının qorunmasının, onların layiqli həyat şəraiti, keyfiyyətli təhsil, sağlamlıq və istirahət imkanları ilə təmin olunmasının vacibliyini vurğulayıb.
Nazir qeyd edib ki, hər bir uşağın qayğı ilə əhatə olunması, onun fikir və arzularına hörmətlə yanaşılması, istedad və bacarıqlarının inkişafı üçün əlverişli şəraitin yaradılması cəmiyyətin qarşısında duran əsas vəzifələrdəndir. O, uşaqların hüquqlarının müdafiəsinə və hərtərəfli inkişafına dəstək məqsədi daşıyan bu cür təşəbbüslərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
“Ləzzət Qida Sənaye” MMC-nin direktoru Teymur Rzayev və “Cahan Şirkətlər Qrupu”nun Aparat rəhbəri Azər Cəfərov çıxışlarında özəl sektorun da bu istiqamətdə həyata keçirilən təşəbbüslərdə iştirakının əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, uşaqların hüquqlarının qorunması, onların bərabər imkanlarla təmin edilməsi və sağlam mühitdə böyümələrinin dəstəklənməsi cəmiyyətin bütün üzvlərinin ortaq məsuliyyətidir.
Tədbir çərçivəsində şagirdlərin bilik və bacarıqlarını nümayiş etdirmələri məqsədilə “Bilik yarışması” təşkil olunub. Şagirdlərin böyük maraqla qatıldığı viktorinada iştirakçılar fəallıq göstərərək ünvanlanan sualları cavablandırıblar. Sonda fəallığı ilə seçilən komandalar diplomlarla təltif olunublar.
Səmimi və xoş əhval-ruhiyyə şəraitində keçən görüşün sonunda şagirdlərə təhsillərində yüksək nailiyyətlər qazanmaları, gələcək həyatlarında isə uğurlar əldə etmələri arzulanıb və hədiyyələr təqdim olunub.














