Naxçıvanda şəhid övladları üçün yay düşərgəsinə start verilib - FOTO
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Şəhid övladlarının intellektual inkişaf proqramı” layihəsi çərçivəsində ikigünlük yay düşərgəsinə start verilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iyulun 28-də Naxçıvanda yaşayan şəhid övladları və şəhid xanımları yola düşməzdən əvvəl Zəfər parkını ziyarət ediblər. Daha sonra onlar Ağbulaq İstirahət Mərkəzində təşkil olunan yay düşərgəsində iştirak etmək üçün yola salınıblar.
Layihə çərçivəsində iştirakçılar üçün intellektual, maarifləndirici, idman və əyləncə proqramları təşkil olunacaq.
Yay düşərgəsinin əsas məqsədi şəhid övladlarının bilik və bacarıqlarının inkişafına dəstək göstərmək, onların asudə vaxtının səmərəli təşkili və sosial ünsiyyət bacarıqlarının gücləndirilməsidir.










