Şərurda kartof yığımı davam edir: məhsuldarlıq 700 sentnerədək yüksəlib
Naxçıvan Muxtar Respublikasında bu il həyətyanı təsərrüfatlar istisna olmaqla, ümumilikdə 581,6 hektar sahədə kartof əkilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əkin sahələrinin 540 hektarı Şərur rayonunun payına düşür.
Rayonda əsasən sertifikatlaşdırılmış toxum sortlarından istifadə olunub, müasir suvarma sistemlərinin tətbiqi isə məhsuldarlığın artmasına imkan verib. Belə sahələrdə hər hektardan 600–700 sentnerədək kartof əldə olunur.
Hazırda Şərurda kartof əkilən sahələrin 80 faizində – 435 hektarda müasir suvarma sistemləri tətbiq edilir. Sahələrin təxminən 30 faizində məhsul yığımı başa çatıb, digər ərazilərdə isə yığım işləri davam etdirilir.












