Naxçıvanda “Şərqin qapısı” teatr festivalının rəsmi açılış mərasimi keçirilib - FOTO
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə Naxçıvanda Ulu Öndər Heydər Əliyevin 103 illiyinə və Naxçıvan Teatrının 143 illiyinə həsr olunmuş “Şərqin qapısı” teatr festivalının 8 may tarixində rəsmi açılış mərasimi keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əvvəlcə festival iştirakçıları və rəsmilər Heydər Əliyev abidəsini ziyarət edərək Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad edib, abidə önünə gül dəstələri düzüblər.
Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Həsən Seyidov Ulu Öndər Heydər Əliyevin teatr və ümumilikdə milli mədəniyyətimizin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib. O bildirib ki, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və mədəniyyətimizin inkişafı istiqamətində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət mədəniyyət və incəsənət xadimlərinə göstərilən yüksək dövlət qayğısının bariz nümunəsidir.
Qeyd olunub ki, 7 may 2026-cı il tarixində imzalanan sərəncamlarla bir qrup incəsənət xadiminə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü və mükafatlarının təqdim edilməsi sənət adamlarına verilən yüksək dəyərin növbəti təzahürüdür. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının mədəniyyət və incəsənət nümayəndələrinin də yer alması xüsusi vurğulanıb.
Daha sonra çıxış edən Mir Qabil Əkbərov festivalın Naxçıvan teatr mühiti üçün əhəmiyyətindən danışaraq, tədbirin teatrlararası yaradıcılıq əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini bildirib.
Mərasimin bədii hissəsində festival üçün xüsusi hazırlanmış “Naxçıvan təranələri” və “Şərqin qapısı” mahnıları teatrın gənc aktyorları Seyfəddin Məmmədli, Ləman Vəlizadə və Şəbnəm Qaybalıyeva tərəfindən ifa olunub.
Tədbirin davamında Naxçıvan teatrının aktyorlarının təqdimatında “Şüuraltı kölgələr” tamaşasından bir parça nümayiş etdirilib və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Festivalın rəsmi açılış mərasimi xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.




















