“Şinel” “Şərqin qapısı” festivalında nümayiş olunub - FOTO
Ulu Öndər Heydər Əliyevin 103, Naxçıvan Teatrının isə 143 illik yubileyinə həsr olunan “Şərqin qapısı” teatr festivalının ilk günündə Azərbaycan Dövlət Pantomima Teatrı tərəfindən N.V. Qoqolun “Şinel” əsəri əsasında hazırlanmış psixoloji qarabasma tamaşası nümayiş etdirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, festival çərçivəsində təqdim olunan tamaşanın quruluşçu rejissoru Ceyhun Dadaşovdur. Səhnə əsərində əməkdar artist Nargilə Qəribova ilə yanaşı aktyorlar Elnur İsmayılov, Əli Əlizadə, Cavad Nuriyev, Nuridə Musabəyli, Hilal Dəmirov, Nurlan Süleymanlı və Zəhra Hüseynova çıxış ediblər.
Psixoloji elementlərlə zəngin olan tamaşa festival iştirakçıları və teatrsevərlər tərəfindən maraqla qarşılanıb. Tamaşada insanın daxili dünyası, cəmiyyət içində tənhalıq hissi və mənəvi sarsıntılar pantomima sənətinin özünəməxsus ifadə vasitələri ilə tamaşaçılara təqdim olunub.
Qeyd edək ki, “Şərqin qapısı” teatr festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə 8–11 may tarixlərində keçirilir.
















