Naxçıvanda su anbarları təmizlənib və dezinfeksiya edilib - FOTO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq normativ sənədlərinə və sanitariya qaydalarına əsasən, içməli su anbarlarının mütəmadi təmizlənməsi və dezinfeksiyası əhalinin sağlamlığının qorunması baxımından mühüm və zəruri tədbir hesab olunur.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu tədbirlər suyun keyfiyyətinin sabit saxlanılması, müxtəlif mikrobioloji və kimyəvi çirklənmələrin qarşısının alınması, həmçinin su təchizatı sisteminin təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.
Qeyd olunan tədbirin həyata keçirilməsi Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə Xidmətinin əməkdaşlarının iştirakı ilə birgə təşkil olunmuşdur. Culfa rayonunun Culfa şəhəri və Yaycı kəndində yerləşən içməli su anbarlarında aparılan təmizlik prosesi çərçivəsində anbarlar xüsusi dezinfeksiyaedici məhlullar vasitəsilə yuyulmuş, çöküntülərdən və kənar maddələrdən tam şəkildə təmizlənmişdir. Eyni zamanda, suyun keyfiyyət göstəricilərinin müəyyən edilməsi məqsədilə laborator analizlər aparılması üçün müvafiq nümunələr götürülmüşdür.
Aparılmış analizlərin nəticələrinə əsasən, əhaliyə veriləcək içməli suyun fiziki, kimyəvi və mikrobioloji göstəricilərinin mövcud standartlara uyğun olduğu təsdiq edildikdən sonra anbarlar yenidən su ilə doldurularaq şəbəkəyə buraxılacaqdır. Bu kimi profilaktik tədbirlər su təchizatı sisteminin etibarlılığını artırmaqla yanaşı, əhalinin sağlam və təhlükəsiz içməli su ilə təmin olunmasında mühüm əhəmiyyətə malikdir.
Məlumat üçün bildirək ki, su anbarlarının təmizlənməsi və dezinfeksiyası işləri muxtar respublikanın digər rayonlarında da həyata keçiriləcəkdir.









