
Naxçıvanda tələbələr arasında stolüstü tennis birinciliyi keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin oğlan və qız tələbələri arasında stolüstü tennis birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, turnirdə 10 qız və 14 oğlan tələbə iştirak edərək maraqlı və gərgin idman mübarizəsi aparıblar. Yarışın nəticələrinə əsasən qızlar arasında Naxçıvan Dövlət Universitetinin (NDU) tələbəsi Ayla Nağıyeva birinci, Naxçıvan Dövlət Texniki Kollecinin (NDTK) tələbəsi Aysu Nağıyeva ikinci, Lalə Musayeva (NDU) isə üçüncü yeri tutub.
Oğlanlar arasında Sinan Novruzov (NDTK) Sinan birinci, Elsən Quliyev (NDU) ikinci, Naxçıvan Hərbi Kollecindən Eldar Quliyev isə üçüncü yerin sahibi olub.
İlk üç yerin sahiblərinə diplom, medal və hədiyyələr təqdim olunub.
Birinciliyin keçirilməsində məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, tələbələr arasında sağlam həyat tərzinin təbliği və stolüstü tennis idman növünün inkişafına dəstək göstərmək olub.