Naxçıvanda “Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışı üzrə regional mərhələsi keçirilib - FOTO
Aprelin 21-də Naxçıvanda Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində ölkənin ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən “Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışı üzrə regional mərhələsi təşkil olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, açılış tədbirində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının rəhbəri vəzifələrinin müvəqqəti icraçısı Şikar Hüseynov komanda üzvülərinə uğurlar arzulayıb.
Qeyd olunub ki, olimpiadanın keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə bilik və bacarığı ilə seçilən istedadlı gəncləri aşkar etmək, şagirdlərdə əməkdaşlıq, effektiv ünsiyyət, liderlik keyfiyyətləri, müzakirə mədəniyyəti, qərar vermə, komanda ilə işləmə, analitik və məntiqi düşünmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirmək, onlar arasında sağlam rəqabət mühitini formalaşdırmaq və region gəncləri arasında ünsiyyət mühitini genişləndirməkdir.
Sonra olimpiadaya start verilib. Olimpiadada muxtar respublikanın ümumtəhsil müəssisələrindən 48 məktəbli 8 komandada mübarizə aparıb. Komandalara riyaziyyat-məntiq, rəqəmsal texnologiyalar, təbiət elimləri, mədəniyyət və incəsənət olmaqla beş müxtəlif istiqamətlər üzrə ümumilikdə 25 sual təqdim olunub.
Bilik yarışında 84 xalla Ordubad komandası regional mərhələnin qalibi olub.
Məlumat üçün bildirək ki, aprelin 23-də “Zəkaların mübarizəsi” olimpiadası şahmat turniri istiqaməti üzrə keçiriləcək. May ayında isə paytaxt Bakıda keçiriləcək olimpiadanın respublika mərhələsində Naxçıvan Muxtar Respublikasını regional mərhələdə bilik yarışı və şahmat turniri istiqaməti üzrə qalib olan 2 komandamız təmsil edəcək.
Qeyd edək ki, olimpiadanın keçirilməsində Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin könüllüləri də yaxından iştirak edib. Bədii hissədə Heydər Əliyev Uşaq- Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri rəqs və musiqi nömrələri ilə çıxış ediblər.
Qalib olan komanda üzvlərini təbrik edir, onlara respublika mərhələsində uğurlar arzulayırıq.











