Cəbrayılda Şəfəq layihəsi çərçivəsində ilk günəş paneli quraşdırıldı
Cəbrayıl rayonundakı "Şəfəq" günəş layihəsinin investorları olan BP, "SOCAR Green", Azərbaycan Biznesinin İnkişafı Fondu və MVM layihə sahəsində günəş panellərinin quraşdırılmasına başlayıb.
BP şirkətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildiriblər ki, ilk günəş panelinin bu ayın əvvəlində quraşdırılması ilə layihə üzrə tikinti işləri plana uyğun irəliləməkdə davam edir.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üçün maliyyə məsələləri üzrə vitse-prezidenti Nadir İmanov deyib ki, tərəfdaşlarla birlikdə əsas diqqəti layihənin təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsinə yönəldilməklə tikinti işləri əminliklə irəli aparılıb: "İnanırıq ki, bu mühüm layihə bərpa olunan elektrik enerjisinin istehsalı sahəsini və regiondakı əməliyyatlarımızın karbonsuzlaşdırılmasını dəstəkləməklə Azərbaycanın enerji keçidi səylərinə töhfə verəcək".
Məlumata əsasən, "Şəfəq" günəş enerjisi layihəsinin tikinti işləri ötən il yekun investisiya qərarının qəbul edildiyi vaxtdan əhəmiyyətli dərəcədə irəliləyib. Fotovoltaik modullar, payalar və struktur komponentləri daxil olmaqla əsas avadanlıqların təchizatı və çatdırılması uğurla tamamlanıb. Payaların və izləyici sistemlərin quraşdırılması üzrə işlərdə də ciddi irəliləyiş əldə olunub və bu avadanlıqların təxminən 30 %-i artıq quraşdırılıb.
Layihə üzrə aparılan tikinti işlərində yerli resurslardan maksimum istifadə etmək əsas öhdəliklərdən biridir - işlərin pik dövründə layihədə 400-ə yaxın iş yerinin yaradılacağı gözlənilir. Hazırda layihəyə təxminən 350 nəfər yerli işçi cəlb olunub ki, bunlardan 123-ü işğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərdir.
Tikinti işlərinin 2027-ci ildə başa çatdırılması planlaşdırılır. Cəbrayılda inşa edilən stansiyanın ildə təxminən 500 QVt/saat bərpa olunan enerji istehsal edəcəyi gözlənilir.
Xatırladaq ki, 2025-ci ilin iyun ayında təsdiqlənmiş 200 milyon ABŞ dolları dəyərində olan "Şəfəq" günəş layihəsi çərçivəsində 240 MVt AC gücündə günəş elektrik stansiyasının tikintisi nəzərdə tutulur.
"Shafag Jabrayil Solar Limited"dəki (SJSL) iştirak payları belədir: BP 40,01 %, SOCAR Green 39,99 %, Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) 10 % və MVM 10 %.
Bu layihə Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihəsi ilə "virtual enerji ötürmə mexanizmi" adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, Səngəçal terminalı "AzərEnerji" ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulacaq. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa ediləcək.








