Naxçıvanlı şagirdlər respublika müsabiqəsinin qalibləri sırasında yer alıblar -

Naxçıvanlı şagirdlər respublika müsabiqəsinin qalibləri sırasında yer alıblar - FOTO

25 Aprel 2025

Azərbaycanın musiqi mədəniyyətində silinməz iz qoymuş dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş Xalq çalğı alətləri ifaçılarının və xanəndələrin Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqə 19-23 aprel tarixlərini əhatə edib. Təltifetmə mərasimində ölkənin müxtəlif bölgələrindən olan istedadlı şagirdlər uğurlarına görə təqdir olunublar.

Müsabiqədə Naxçıvan Muxtar Respublikasının təmsilçiləri də uğur qazanıblar. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin Xalq çalğı alətləri şöbəsinin balaban ixtisası üzrə V sinif şagirdi İbrahim Abdullayev balaban nominasiyası üzrə I yerə layiq görülüb. Naxçıvan şəhərindəki Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin Xalq çalğı alətləri şöbəsinin tar ixtisası üzrə V sinif şagirdi Murad Babazadə isə tar nominasiyası üzrə III yerin qalibi olub.

Tədbir çərçivəsində qaliblər diplom və hədiyyələrlə təltif olunublar. Bu cür müsabiqələr gənc istedadların üzə çıxarılması və milli musiqimizin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.