Nazirlik “Təhsil haqqında” qanuna edilən dəyişikliyi şərh edib
Azad olunmuş ərazilərdə minatəmizləmə zamanı həlak olan şəxslərin dövlət və özəl orta ixtisas və ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan ailə üzvlərinin təhsil haqları dövlət büdcəsi hesabına qarşılanacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında Elm və Təhsil Nazirliyinin əməkdaşı Cabbar Hüseynli deyib.
O bildirib ki, azad olunmuş ərazilərdə infrastrukturun bərpası, əhalinin geri qayıdışına uyğunlaşmanın təmin edilməsi və sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilir:
"Bu çərçivədə aparılan mina və partlayıcı maddələrdən təmizləmə işləri mühüm əhəmiyyət daşıyır. Lakin bu fəaliyyətlər zamanı mina partlayışları nəticəsində bədbəxt hadisələr baş verib, nəticədə həyatını itirən və ya sağlamlığını itirən şəxslər olub. Bu kimi hallarda zərərçəkmiş şəxslərin və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tərəfindən müvafiq tədbirlər görülüb. Qanunvericiliyə edilmiş son dəyişikliklərə əsasən, mina partlayışı nəticəsində zərər çəkmiş şəxslərin ailə üzvləri üçün əlavə sosial təminat mexanizmləri tətbiq olunur. Bu çərçivədə dövlət və özəl orta ixtisas və ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan şəxslərin təhsil haqları dövlət büdcəsi hesabına qarşılanır".
C.Hüseynli əlavə edib ki, eyni zamanda, qanun edilmiş dəyişiklikdən əvvəl baş vermiş hadisələr nəticəsində zərərçəkən şəxslərin ailə üzvlərinə də şamil edilir.
Qeyd edək ki, mayın 5-də "Təhsil haqqında" qanunda müvafiq dəyişiklik edilib və 2026-cı il sentyabrın 15-dən tətbiq ediləcək.








