NDU-da ‘Cyber Threat Investigation & Digital Intelligence’ Bootcamp – Naxçıvan 2026 keçirilib - FOTO
Naxçıvan Dövlət Universitetinin İnnovasiya Mərkəzində “CYBER THREAT INVESTIGATION & DIGITAL INTELLIGENCE” BOOTCAMP NAKHCHIVAN – 2026 (“Kiber Təhdidlərin Araşdırılması və Rəqəmsal Kəşfiyyat Təlim Kampı Naxçıvan – 2026”) adlı təlim baş tutub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev müasir dövrdə rəqəmsallaşmanın və informasiya təhlükəsizliyinin vacibliyindən bəhs edib.
Universitetdə yeni açılan “İnformasiya təhlükəsizliyi” ixtisasının bu sahənin inkişafı baxımından əhəmiyyətli rol oynadığını bildirən rektor, eyni zamanda rəqəmsal transformasiya və kibertəhlükəsizlik istiqamətində kadr hazırlığının gücləndirilməsinin, maarifləndirici təlimlərin keçirilməsinin vacibliyini də xüsusi vurğulayıb.
Naxçıvan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini, nazir vəzifəsini icra edən Azər Məmmədrəhimov və İRİA İnformasiya Təhlükəsizliyi Departamentinin müdiri Şahmar Hacıyəhyəyev çıxışlarında kibertəhlükəsizliyin müasir dövrdə strateji əhəmiyyətindən danışıblar. Rəqəmsal sistemlərin davamlı inkişafı ilə yanaşı, bu sistemlərin təhlükəsizliyinin təmin olunmasının da eyni dərəcədə vacib olduğu bildirilib.
Kompüter mühəndisliyi (tədris ingilis dilində) ixtisası üzrə I kurs tələbəsi Cəmilə Babayeva tələbələr adından çıxış edərək bu cür təlimlərin keçirilməsinin gənclərin bilik və bacarıqlarının inkişafına kömək edəcəyini qeyd edib.
Çıxışlardan sonra iki mərhələdən ibarət praktiki təlim proqramına start verilib. Təlimin birinci mərhələsində real həyatı simulyasiya edən kibercinayət ssenarisi əsasında tapşırıqlar icra olunub. Bu mərhələdə rəqəmsal izlərin aşkarlanması və interpretasiyası, istifadəçi davranışlarının və izburaxma mexanizmlərinin təhlili, açıq mənbələrdən məlumatların toplanması və strukturlaşdırılmış analiz yanaşmaları tətbiq edilib.
İkinci mərhələdə isə komandalar üzrə praktiki araşdırmalar aparılıb. Verilmiş məlumatlar əsasında şəxs və fəaliyyətlərin identifikasiyası həyata keçirilib, əlaqələr və strukturlar təhlil olunub. Eyni zamanda “flag-based” tapşırıqlar yerinə yetirilib, komandalar arasında rəqabət mühiti yaradılıb.
Təlimin yekununda əldə olunan nəticələr təqdim olunub, analitik yanaşmalar müzakirə edilib, həmçinin kibertəhlükəsizlik sahəsində peşəkar inkişaf yolları barədə fikir mübadiləsi aparılıb.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.















