Azərbaycan və ICAO aviasiya layihələrinin "yaşıl inkişaf"ı üzrə razılaşma imzalayıb

Azərbaycan və ICAO aviasiya layihələrinin "yaşıl inkişaf"ı üzrə razılaşma imzalayıb

14 Aprel 2026

Ələt Azad İqtisadi Zonasında yerləşən "Silk Way Cargo Village" və Hava Limanı layihəsinin yaşıl sertifikatlaşdırılması məqsədilə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Ələt Hava Limanı İdarəsinə dəstəyi barədə razılaşma imzalanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan nümayəndə heyəti ICAO-nun simpoziumunda iştirak edir. Belə ki, Mərakeş şəhərində ICAO-nun 5-ci "Qlobal icra dəstəyi simpoziumu"nun açılış mərasimi olub. "Regional həllər, qlobal faydalar" mövzusunda keçirilən tədbirdə Azərbaycan nazir müavini Samir Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Bu tədbir "ICAO"nun uzunmüddətli strateji məqsədlərinə nail olmaq, ümumi icra problemlərini aradan qaldırmaq və dayanıqlı aviasiyanı təşviq etmək üçün platforma rolunu oynayır.

Simpozium çərçivəsində 40-dan artıq ölkənin nümayəndələrinin iştirakı ilə nazirlərin dəyirmi masası keçirilib.

Həmçinin yüksəksəviyyəli görüşdə üzv dövlətlərin nümayəndələri tərəfindən aviasiyanın davamlı, dayanıqlı inkişafına dair fəaliyyətə çağırış "Call to Action" sənədi qəbul olunub.

Simpozium aprelin 16-na qədər davam edəcək.