Naxçıvanda kitab sevgisi aşılayan görüş keçirilib - FOTO
“Möminə Xatun” kitab-kafesində keçirilən görüş iştirakçılar üçün mənəvi zənginliklə yadda qalıb. “Sevinc – Milli-Mənəvi Dəyərlər və Müasir Çağrışlara Dəstək” ictimai birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə mütaliənin cəmiyyət həyatındakı rolu ön plana çəkilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirin təşkilatçısı, professor Sevinc Abbasova çıxış edərək bildirib ki, mütaliənin yaşı yoxdur. Onun sözlərinə görə, kitab sevgisi insanın həyatının erkən dövrlərindən başlayaraq düşüncə tərzinin, dünyagörüşünün və şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır.
Görüşün yaddaqalan məqamlarından biri isə Bilik hazırlıq kursunun azyaşlı iştirakçılarının tədbirə qatılması olub.
Qeyd olunub ki, uşaqlarda erkən yaşlardan kitab sevgisinin formalaşdırılması onların gələcək inkişafına mühüm töhfə verir. Bu baxımdan, ailələrə çağırış edilib ki, balacaların mütaliəyə marağı artırılsın, onlara nağıllar oxunsun və hər evdə kiçik də olsa kitab mühiti yaradılsın.
Tədbirdə vurğulanıb ki, nağıllarla böyüyən uşaqlar zəngin təxəyyülə sahib olur, kitabla böyüyənlər isə gələcəyi qurmaq bacarığı qazanır.










