Ölkədə dronların uçuşu üçün icazə məcburi olacaq
Azərbaycanda avtonom pilotsuz uçuş aparatlarının (dronların) istismarı ilə bağlı yeni qaydalar müəyyənləşdirilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, avtonom dronlar yalnız səlahiyyətli dövlət qurumunun müəyyən etdiyi coğrafi zonalarda fəaliyyət göstərə biləcək. Onların istismarı qeydiyyat sertifikatı, istismarçı sertifikatı və müvafiq əməliyyat icazəsi əsasında həyata keçiriləcək.
Qanun layihəsinə görə, avtonom dron operatorları xüsusi şəhadətnamə almalı, uçuş marşrutunu əvvəlcədən proqramlaşdırmalı və uçuş zamanı avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etməlidirlər. Hava şəraiti təhlükə yaratdıqda, dron müəyyən edilmiş zonadan kənara çıxdıqda, sistemə kənar müdaxilə və ya nasazlıq baş verdikdə operator dərhal müdaxilə etməlidir.
Bundan başqa, operatorlar dronun fəaliyyəti ilə bağlı məlumatları ən azı altı ay müddətində saxlamalı, onları real vaxt rejimində aidiyyəti dövlət qurumunun informasiya sisteminə ötürməli və aviasiya hadisəsi və ya insidenti baş verdikdə dərhal məlumat verməlidirlər.
Layihədə həmçinin qeyd olunur ki, nəzarət olunan hava məkanında və aerodrom ətrafında avtonom dronların uçuşu yalnız səlahiyyətli mərkəzin icazəsi ilə mümkün olacaq. Bunun üçün operator uçuşdan ən azı üç saat əvvəl tələb olunan məlumat və sənədləri elektron qaydada təqdim etməlidir.
Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul edilib.








