İctimai müzakirələrin təşkili elektronlaşır

İctimai müzakirələrin təşkili elektronlaşır

19 İyun 2026

Milli Məclis vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydasının elektronlaşdırılmasını birinci oxunuşda qəbul edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə "Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında", "İctimai iştirakçılıq haqqında" və "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" qanunlara dəyişikliklər parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"nə və "İctimai iştirakçılıq haqqında" Qanuna təklif edilən dəyişikliklər ictimai dinləmə və müzakirənin təşkili prosesinin Elektron Hökumət İnformasiya Sistemi üzərindən də həyata keçirilməsinin qanunvericilik əsaslarının yaradılmasını özündə ehtiva edir.

Belə ki, təklif edilən dəyişikliklərlə müvafiq subyektlər tərəfindən həyata keçirilən bir sıra hərəkətlərin (ictimai dinləmənin və ictimai müzakirənin təşkili və keçirilmə tarixi barədə məlumatlandırılma, ictimai şuraya namizədlərin irəli sürülməsi, onların qeydiyyatının başlanması və başa çatması vaxtı, ictimai dinləmənin və ictimai müzakirənin keçirilməsi barədə elan), habelə Milli Məclis Aparatında qeydiyyata alınmış qanun layihələri ilə bağlı əlaqəli məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə açıqlanmasının təmin edilməsi nəzərdə tutulur.

"Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" Qanuna təklif edilən dəyişikliklər də eyni qəbildən olan dəyişikliklərdir və qanunvericilik təşəbbüsü hüququndan istifadənin elektron qaydada təşkili zamanı yaranan prosedurların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə də həyata keçirilməsinin (sənədlərin və məlumatların Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi, təşəbbüs qrupu sədrinin EHİS-dəki elektron kabinetindən istifadə, elektron poçt və ya SMS vasitəsilə məlumatlandırılma və s) hüquqi əsaslarını müəyyən edir.

Bildirilib ki, təklif edilən dəyişikliklər qanunvericilikdə mövcud olan hazırki prosedurların həyata keçirilməsində vaxt itkisinin qarşısının azaldılmasına, şəffaflığa və vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edəcək.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.