Ölkənin qalib partiyası
“YAP dünənin, bu günün və gələcəyin partiyasıdır ”- Ulu Öndər Heydər Əliyevin 1992-ci il noyabrın 21-də söylədiyi bu sözlər 33 ildir ki özünü doğruldur və bundan sonra da öz aktuallığını saxlayacaq.
XX əsrin sonlarında , Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə Yeni Azərbaycan Partiyası yarandı. Azərbaycanın taleyini düşünən insanların hədəfi ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq idi. Təbii ki, məhz bu məqsədlə də xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.
Təşəbbüs xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində reallaşdı. Azərbaycanın ən yeni tarixinə də elə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Heydər Əliyev şəxsiyyəti isə yeni yaradılan siyasi partiyanın gələcək fəaliyyətini və prioritetlərini dəqiqləşdirib onu Azərbaycanın gələcəyinə çevirdi. “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər” – bu isə Ulu Öndər Heydər Əliyevin 91 nəfər ziyalıya verdiyi cavab idi.
Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının binasında keçirildi. Burada ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupu iştirak edirdi.
Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Partiya qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilə bildi.
Ulu Öndər Heydər Əliyevin siyasi mirasının müzəffər davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında partiyanın yeni sədri seçildi.
Yeni Azərbaycan Partiyası bu illər ərzində hakimiyyətdə uğurla təmsil olunmaqla yanaşı ölkənin gələcəyi üçün mühüm addımlar atır. Ən əsası bu partiyanın sədri cənab İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi hələ 1990-cı illərin əvvəlindən işğalda olan Azərbaycan torpaqlarını azad edərək, ölkə ərazisinin bütövlüyünü təmin etmişdir. Bu gün Cənubi Qafqazda qurulan ən böyük partiya olan Yeni Azərbaycan Partiyası öz sıralarında 730 mindən çox adamı birləşdirir. Bu partiya yeni zirvələrə doğru inamla addımlayır.
2021-ci il 5 mart tarixində keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Sözügedən təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır. Eyni zamanda cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir.
Bu gün partiyanın ilk təsis konfransından 33 il ötür. Bu illər ərzində Yeni Azərbaycan Partiyası quruculuq və inkişafı hədəfləyən, xalqın, ölkənin gələcəyini düşünən bir siyasi partiya kimi özünü sübut edib.
Rza XUDİYEV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Xalq artisti








