Ordubadın "Mədrəsə" abidəsinin bərpasına dair müzakirə keçirilib
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə Ordubad şəhərində yerləşən “Mədrəsə” tarix-memarlıq abidəsinin bərpası və konservasiyası məsələlərinə həsr olunmuş geniş müzakirə keçirilib. Tədbirdə abidənin mövcud vəziyyəti, tarixi əhəmiyyəti və gələcək qorunma perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, müzakirələrdə çıxış edən Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov bildirib ki, dövlət başçısının diqqət və qayğısı nəticəsində muxtar respublikada tarix-memarlıq abidələrinin qorunması və bərpası istiqamətində sistemli işlər görülür. O, bu fəaliyyətlərin Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində daha da sürətləndirildiyini vurğulayıb.
Həsən Seyidov Ordubad Tarix-Memarlıq Qoruğunun beynəlxalq əhəmiyyətinə də toxunub. Qeyd olunub ki, qoruğun 2001-ci ildə UNESCO-nun, 2026-cı ildə isə ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilməsi bu ərazinin mühüm mədəni irs obyekti olduğunun göstəricisidir.
Tədbirdə “Mədrəsə” abidəsinin memarlıq xüsusiyyətlərini və bərpa ehtiyaclarını əks etdirən slayd təqdimatı keçirilib. Bildirilib ki, Ordubadın zəngin irsini əks etdirən bu nadir nümunə təbii aşınmalar səbəbindən zədələndiyi üçün onun elmi əsaslarla bərpası və gələcək nəsillərə çatdırılması vacibdir.
Sonda vurğulanıb ki, abidənin konservasiyası həm milli-mədəni irsin qorunması, həm də regionun turizm potensialının və sosial-iqtisadi inkişafının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.








