Peşə və kvalifikasiya standartı nədir və nə üçün lazımdır?
Peşə və kvalifikasiya standartları işçinin müvafiq peşə və ixtisas üzrə yerinə yetirməli olduğu işin məzmununa və əmək şəraitinə qoyulan minimum tələblərin məcmusudur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, həmin standartlar əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkilində, işçi qüvvəsinin keyfiyyətinin artırılmasında və beynəlxalq standartlara uyğunlaşdırılmasında baza rolunu oynayır.
Dövlət orqanları və təşkilatlar, hüquqi və fiziki şəxslər, eləcə də xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri əmək bazarının tələblərinə uyğun olaraq müvafiq standartın hazırlanması və ya yenidən hazırlanması üçün ƏƏSMN-ə müraciət edə bilər.
Müvafiq qaydada hazırlanmış standart nazirliyin Kollegiyasında təsdiq olunduqdan sonra qüvvəyə minir, Peşə və Kvalifikasiya Standartlarının Reyestrinə (Reyestr) (https://professionstands.sosial.gov.az/ProfessionStands/) yerləşdirilir.
İlin birinci yarımilində əmək bazarında prioritet peşələr üzrə daha 138 peşə və kvalifikasiya standartı təsdiq edilərək Reyestrə daxil edilib. Bununla da Reyestrdə mövcud olan standartların sayı 1700-ə çatıb.
Qeyd edək ki, cari ildə 166 peşə üzrə 332 peşə və kvalifikasiya standartının hazırlanması və yenilənməsi ilə bağlı işlər aparılır.








