Şəhid övladları üçün təşkil olunan yay düşərgəsi başa çatıb - FOTO
“Şəhid övladlarının intellektual inkişaf proqramı” layihəsi çərçivəsində təşkil olunan iki günlük yay düşərgəsi uğurla başa çatıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, düşərgənin ikinci günü çərçivəsində “Şəhid övladları ilə gələcəyə baxış” mövzusunda Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarının rəhbərləri ilə görüş keçirilib. Görüş zamanı şəhid övladları ilə səmimi fikir mübadiləsi aparılıb, onların gələcək hədəfləri, təhsili və şəxsi inkişafı ilə bağlı tövsiyələr səsləndirilib, sualları cavablandırılıb.
Daha sonra düşərgədə iştirak edən bütün şəhid övladlarına layihədə iştiraklarına görə fəxri fərmanlar təqdim olunub.
Layihənin sonunda iştirakçılar Batabat Astrofizika Rəsədxanasına və Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına ekskursiya ediblər. Ekskursiya zamanı onlara rəsədxananın elmi fəaliyyəti və astronomiya sahəsində aparılan müşahidələr, həmçinin Zəngəzur Milli Parkının zəngin təbiəti, biomüxtəlifliyi və mühafizə olunan canlı aləmi haqqında qısa məlumat verilib.
İki gün davam edən yay düşərgəsi ərzində keçirilən intellektual, maarifləndirici və sosial fəaliyyətlər şəhid övladlarının bilik və bacarıqlarının inkişafına, asudə vaxtlarının səmərəli təşkilinə və onların yaddaqalan anlar yaşamasına töhfə verərək uğurla yekunlaşıb.
























