“Rəqəmsal Hüquq və İnnovasiyalar Forumu” keçirilib -

“Rəqəmsal Hüquq və İnnovasiyalar Forumu” keçirilib - FOTO

28 Noyabr 2026

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA), Azərbaycan Respublikası Vəkillər Kollegiyasının tərəfdaşlığı, LEGIS Hüquq Forumunun təşkilati dəstəyi və ELSA Azərbaycanın təşkilatçılığı ilə “Rəqəmsal Hüquq və İnnovasiyalar Forumu” qrant layihəsi həyata keçirilmişdir. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, açılış mərasimində Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Kamal Cəfərov, Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı Direktorunun müavini Ceyhun Hüseynov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Proqram Meneceri Nərmin Süleymanova, ELSA Azərbaycanın Prezidenti Əli Səfərəliyev və ELSA Azərbaycanın Xəzinədarı Mehri Ağazadə çıxış edərək layihənin əhəmiyyətini izah etmişlər. 

Birinci Panel sesssiyası “Hüquq mühəndisliyi və dövlət quruculuğunun rəqəmsal transformasiyası” mövzusuna həsr olunmuşdur. Sessiyada  İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində Hüquq və Sənədlərlə İş departamentinin direktoru Oktay Məhərrəmov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Hüquqi Təminat şöbəsinin rəhbəri Səbinə Hümbətzadə çıxış etmişlər. 

Panel müzakirəsində hüquq və texnologiyanın kəsişməsində yaranan yeni imkanları, eləcə də rəqəmsallaşmanın dövlət idarəçiliyinə təsirini, hüquqi xidmətlərin rəqəmsallaşdırılması, süni intellekt və digər innovativ texnologiyaların hüquq sahəsində tətbiqi müzakirə mövzuları olmuşdur. Paneldə həmçinin elektron hökumət həllərinin inkişafı və müasir dövlət quruculuğunda rəqəmsal yanaşmaların rolu ilə bağlı məsələlər müzakirə edilmişdir. 

İkinci Paenel sessiya “İnnovasiya ekosisteminin hüquqi çərçivəsi və rəqəmsal innovasiyaların tənzimlənməsi” mövzusuna həsr olunmuşdur. Sessiyada Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə Bazarlarının Hüquqi Təminatı Departamentinin Bank Sektorunun Hüquqi Təminatı Şöbəsinin Rəhbəri Mehdi Mehdizadə, Milli Kibertəhlükəsizlik Agentliyinin Hüquq Departamentinin direktor müavini Könül Fərəcova, Kapital Bankda Ödəniş Biznesinə Hüquqi Dəstək şöbəsinin rəhbəri Nərgiz Muradova çıxış etmişlər. 

Panel müzakirəsində innovasiya ekosisteminin formalaşmasında hüquqi çərçivənin rolu, rəqəmsal innovasiyaların hüquqi tənzimlənməsi və bu sahədə mövcud normativ-hüquqi mexanizmlər müzakirə edilmişdir.  Eyni zamanda, innovativ fəaliyyətin təşviqi, startapların və yeni texnoloji həllərin inkişafı üçün yaradılan hüquqi imkanlar, rəqəmsal transformasiya prosesində qarşıya çıxan tənzimləyici çağırışlara dair aktual məsələlərə toxunulmuşdur. 

Üçüncü və sonuncu Panel sessiya “İnformasiya infrastrukturu və kibertəhlükəsizliyin hüquqi təminatı” mövzusuna həsr olunmuşdur. Sessiyada Milli Kibertəhlükəsizlik Agentliyinin Hüquq Departamentinin direktoru Cavid Hüseynov, Cyberpoint Şirkətinin Direktoru Dr. Elvin Balacanov, Raufoğlu və Partnyorları Hüquq Şirkətinin təsisçisi, ADA Universitetinin professoru Dr. Təbriz Cəfərov çıxış etmişlər. 

Panel müzakirəsində rəqəmsal dövlət xidmətlərinin fəaliyyətini təmin edən məlumatlar və İT infrastrukturlarının hüquqi və texniki əsasları, eləcə də onların kibertəhlükələrdən qorunması, həmçinin fərdi məlumatların mühafizəsi, dövlət informasiya sistemlərinin təhlükəsizliyi, kritik rəqəmsal infrastrukturun qorunması və bu sahədə hüquqi tənzimləməyə dair məsələlər müzakirə edilmişdir.