“Şahin” hərbi-idman oyununda Naxçıvanı təmsil edəcək komanda bəlli olub -

“Şahin” hərbi-idman oyununda Naxçıvanı təmsil edəcək komanda bəlli olub - FOTO

26 May 2026

Əlahiddə Ümumqoşun Ordunun N hərbi hissəsində ümumtəhsil məktəblərinin şagirdləri arasında XXIX “Şahin” hərbi-idman oyununun Naxçıvan Muxtar Respublikası üzrə final mərhələsi keçirilib. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil, Fövqəladə Hallar nazirlikləri, Əlahiddə Ümumqoşun Ordu birgə təşkilatçılığı ilə keçirilən yarışda ilk (şəhər və rayonlar üzrə) mərhələnin qalibləri olmaqla, 8 komanda iştirak edib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, təşkilatçı qurumların nümayəndələri çıxış edərək layihənin əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar. Qeyd olunub ki, gənc nəslin milli və vətənpərvərlik ruhunda tərbiyə olunması, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının gücləndirilməsi, eyni zamanda şanlı Zəfər tariximizin geniş təbliğidir.

Yarış iştirakçıları sıra hazırlığı, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı, çadırın qurulması, fiziki hazırlıq, intellektual müsabiqə, avtomatın sökülməsi və yığılması, darağa patronların doldurulması və boşaldılması mərhələlərində bacarıqlarını nümayiş etdiriblər. Hər mərhələ üzrə 10 ballıq sistem üzrə qiymətləndirmə aparılıb və nəticələr qayda pozuntuları da nəzərə alınmaqla, ümumi şəkildə hesablanıb.

Nəticələrə əsasən ən yüksək göstərici Naxçıvan şəhər komandasına məxsus olub. Bununla da komanda muxtar respublika birincisi kimi ölkə üzrə final mərhələsində iştirak etmək hüququ qazanıb. Ordubad və Şərur rayonlarını təmsil edən heyətlər yarışı müvafiq ardıcıllıqla ikinci, üçüncü sıralarda tamamlayıblar.

Qeyd edək ki, ölkəmizin bütün şəhər və rayonlarından ümumilikdə 23 mindən çox məktəblini əhatə edən “Şahin” hərbi-idman oyununun ölkə üzrə final mərhələsi iyun ayında 2026-cı ilin “Gənclər Paytaxtı” Goranboyda reallaşacaq.