NDU-da beynəlxalq konfrans keçirilib -

NDU-da beynəlxalq konfrans keçirilib - FOTO

26 May 2026

Naxçıvan Dövlət Universitetində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş I Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm Konfransı (ICCHST – Naxçıvan 2026) keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, konfrans Naxçıvan Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı, Azərbaycan Turizm və Menecment Universiteti, Macarıstanın Széchenyi István Universiteti, Özbəkistanın Daşkənd Dövlət İqtisad Universiteti, Türkiyənin Qaradəniz Texniki Universiteti, Akdeniz Universiteti, Gümüşhane Universiteti, Ankara Hacı Bayram Veli Universiteti, Pamukkale Universiteti, Bayburt Universiteti və Adıyaman Universitetinin tərəfdaşlığı ilə təşkil olunub.

Konfransdan əvvəl Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində əzəmətlə ucaldılan abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri qoyulub. Sonra konfrans iştirakçıları NDU kollektivi ilə birgə Heydər Əliyev Muzeyini ziyarət ediblər. Ziyarətçilər muzeydə Heydər Əliyevin müxtəlif dövrlərdə çəkilmiş fotoşəkillərinə, şəxsi əşyalarına, diplomatik görüşlərini əks etdirən sənədlərə və xatirə hədiyyələrinə baxış keçiriblər.

Daha sonra NDU-nun Memarlıq və mühəndislik fakültəsində təşkil olunan memarlıq sərgisinə baxış keçirilib. Sərgi zamanı Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov tərəfindən NDU-nun rektoru Elbrus İsayevə Azərbaycanın 5 bölgəsinə məxsus xalça ornamentlərindən ibarət döş nişanları hədiyyə olunub.

Öz növbəsində fakültə kollektivi Memar Əcəmi ilə bağlı nəşrləri MDU nümayəndə heyətinə təqdim edib.

Daha sonra qonaqlar Pedaqoji fakültədə nümayiş olunan əl işləri sərgisi ilə tanış olub, İnklüziv Təhsil Mərkəzi, kulinariya, xalçaçılıq və milli geyim otaqlarını ziyarət ediblər. Kampus gəzintisi NDU-nun İncəsənət fakültəsində təşkil olunan rəsm sərgisinə baxışla davam edib.

NDU-nun konqres mərkəzində keçirilən konfrans Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında bildirib ki, I Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm Konfransının əsas məqsədi mədəni irsin qorunması və dayanıqlı turizmin inkişafı sahəsində aparılan müasir elmi tədqiqatların müzakirəsi, elmi fikir mübadiləsinin təşviqi və bu istiqamətdə beynəlxalq əməkdaşlıqların gücləndirilməsidir. 

Rektor vurğulayıb ki, gün şəhərsalma və memarlıq sahəsində aparılan işlər, xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində yeni mərhələyə qədəm qoyub. Ölkə Prezidentinin təşəbbüsü ilə “Ağıllı şəhər” və “Ağıllı kənd”  layihələri reallaşdırılır və müasir şəhərsalma modelinin formalaşmasına xidmət edir. Bu layihələr təkcə Azərbaycan üçün deyil, ümumilikdə, Türk dünyası və beynəlxalq təcrübə üçün də əhəmiyyətli nümunədir.

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxışında innovativ yanaşmalar əsasında universitetlərin nəzəri biliklə yanaşı, həm də praktik və sənaye yönümlü həllər formalaşdıran elmi mərkəzlər kimi fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. Rektor qeyd edib ki, turizm və xidmət sənayesi ilə əlaqəli tədqiqatların genişləndirilməsi, sənaye yönümlü layihələrin təşviqi və magistr səviyyəsində hazırlanan dissertasiya işlərinin regional turizm inkişafı, mədəni irsin rəqəmsallaşdırılması kimi tətbiqyönümlü istiqamətlərə yönəldilməsi xüsusi əhəmiyyət daşıyır.

Gümüşhane Universitetinin rektoru Oktay Yıldız çıxışında universitetlərin turizm sahəsində gördüyü işlərin ictimai töhfə baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bu sahədə NDU-nun təcrübəsini yüksək qiymətləndirib.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva ölkəmizdə mədəni irsin qorunması, tarixi abidələrin bərpası, Turizm potensialının inkişaf etdirilməsi yönündə aparılan işlərdən, bu sahəyə göstərilən dövlət qayğısından bəhs edib.

Video formatda çıxış edən Akdeniz Universitetinin rektoru, professor Özlenen Özkan və Pamukkale Universitetinin rektoru, professor Mahmud Güngör konfransın beynəlxalq əhəmiyyətini yüksək dəyərləndiriblər. 

NDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru Elsəvər Əsədov qeyd edib ki, konfransın bölmə iclaslarında 6 istiqamət üzrə 17 bölmədə ölkəmizin və dünyanın 40 elm-təhsil müəssisəsindən 212 əməkdaşın 156 məruzəsi, eyni zamanda tələbə bölməsində 10 tələbənin məruzəsi dinləniləcək.

Rəsmi hissənin davamında qarşılıqlı hədiyyələr və plaketlər, universitetin bir sıra əməkdaşına isə təşəkkürnamələr təqdim olunub. 

Tədbir milli-mədəni dəyərlərimizi əks etdirən “Sazın sədası” adlı konsert proqramı ilə davam edib və iştirakçılara Azərbaycan aşıq sənətinin zəngin ənənələri təqdim edilib.