“Şəhərsalma və memarlığın gələcək perspektivləri” mövzusunda tədbir keçirilib -

“Şəhərsalma və memarlığın gələcək perspektivləri” mövzusunda tədbir keçirilib - FOTO

16 Aprel 2026

Aprelin 16-da Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və memarlığın gələcək perspektivləri” mövzusunda tədbir keçirilib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamına əsasən 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması bu sahəyə göstərilən yüksək dövlət qayğısının bariz ifadəsidir. Qeyd olunub ki, müvafiq Sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 4 mart 2026-cı il tarixli Qərarı ilə Tədbirlər Planı təsdiq edilib və hazırda bu istiqamətdə ardıcıl işlər həyata keçirilir. Komitə sədri vurğulayıb ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, həmçinin qeyd edib ki, Prezidentin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində muxtar respublikada Regional Ailə Mərkəzlərinin yaradılması nəzərdə tutulub. Diqqətə çatdırılıb ki, şəhərsalmada əsas amillərdən biri insan faktorudur. Xüsusilə ailələrin rifahının təmin olunması prioritet istiqamət kimi önə çəkilməlidir. Bu məqsədlə yaşayış komplekslərində məktəblərin, uşaq bağçalarının, parkların və istirahət zonalarının əlçatan olması vacibdir. Memarlıq və şəhərsalma prosesində ailə, qadın, uşaq və gender məsələləri xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə planlaşdırma aparılarkən cəmiyyətin bütün üzvlərinin– qadınların, kişilərin və uşaqların fərqli ehtiyacları nəzərə alınmalıdır. Təhlükəsiz ictimai məkanların yaradılması, əlçatan və rahat nəqliyyat sisteminin qurulması, eləcə də iş və sosial imkanlarda bərabərliyin təmin olunması gender balansının formalaşmasına xidmət edən əsas amillərdəndir.

Qadınların şəhər həyatında rolu isə ayrıca diqqət tələb edir. Təhlükəsiz küçələr, yaxşı işıqlandırılmış ictimai məkanlar və istifadəsi rahat ictimai nəqliyyat qadınların gündəlik həyatını asanlaşdırır, onların sosial və ictimai fəallığını artırır. Bu yanaşma qadınların cəmiyyətin bütün sahələrində daha aktiv iştirakına real imkan yaradır. Şəhərsalma zamanı inklüzivlik prinsip əsas götürülməlidir. Xüsusilə qadınların ehtiyaclarının nəzərə alınması ilə formalaşdırılan mühit daha ədalətli və yaşana bilən şəhər modelinin qurulmasına töhfə verir. Digər tərəfdən, uşaqlar gələcəyin vətəndaşlarıdır və onların sağlam, təhlükəsiz mühitdə böyüməsi prioritet məsələdir. Şəhərlərdə oyun meydançalarının, yaşıllıq zonalarının, təhlükəsiz piyada yollarının və uşaq yönümlü ictimai məkanların yaradılması onların həm fiziki, həm də psixoloji inkişafına müsbət təsir göstərir. Bu baxımdan, uşaq yönümlü memarlıq yanaşması gələcək nəsillərin sağlam formalaşması üçün mühüm rol oynayır. Ramilə Seyidova əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə də aparılan genişmiqyaslı bərpa-quruculuq işləri müasir şəhərsalma prinsiplərinə əsaslanır və ölkənin inkişaf modelini əks etdirir. Qarşıda duran əsas məqsəd isə dövlət qurumlarının, mütəxəssislərin və ictimai təşkilatların birgə fəaliyyəti ilə sağlam, inklüziv və dayanıqlı şəhərlərin qurulmasıdır. Sonda Ramilə Seyidova tədbir iştirakçılarına uğurlar arzulayıb. Sonra Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi ölkəmizdə bu sahənin inkişafına verilən yüksək dəyərin bariz nümunəsidir. O qeyd edib ki, nazirlik olaraq gənclərin şəhərsalma və memarlıq sahəsinə marağının artırılması, onların bu istiqamətdə bilik və bacarıqlarının inkişafı prioritet istiqamətlərdəndir. Bu məqsədlə müxtəlif maarifləndirici layihələr həyata keçirilir. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində görüləcək işlər gənclər üçün yeni imkanlar yaradacaq, onların potensialının üzə çıxarılmasına və ölkəmizin bu sahədə daha böyük nailiyyətlər qazanmasına töhfə verəcəkdir. Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin sədri Heydər Əhmədov isə çıxışında bildirib ki, minilliklər boyu formalaşmış milli memarlıq məktəbi bu gün müasir yanaşmalarla yeni inkişaf mərhələsinə qədəm qoyur. Tarixi abidələrin qorunması və bərpası istiqamətində görülən işlər milli irsin yaşadılmasına xidmət etməklə yanaşı, şəhər mühitinin müasir tələblərə uyğun qurulmasına şərait yaradır. Bu baxımdan Möminə xatun türbəsinin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Tədbirdə, həmçinin Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşı  Əli Məhərrəmli və Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin müəllimi, gənc memar Anar Sadiqov çıxış edərək mövzunun aktuallığından bəhs edib, gənclərə tövsiyələrini veriblər. Qeyd edək ki, tədbir dəyirmi masa formatında təşkil olunub, gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb.