Umayra Tağıyeva: ETSN-də işləyən 1265 xanım əməkdaşın 62-si rəhbər vəzifələrdədir

Umayra Tağıyeva: ETSN-də işləyən 1265 xanım əməkdaşın 62-si rəhbər vəzifələrdədir

14 Aprel 2026

Ekologiya və Təbii Sərvətlər Nazirliyində işləyən 1265 xanım əməkdaşın 62-si rəhbər vəzifələrdədir və yüksək peşəkarlıqla fəaliyyət göstərirlər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransı çərçivəsində keçirilən "Ətraf mühitin qorunması və dayanıqlılığın artırılmasında qadın liderliyi" adlı panel müzakirədə deyib.

O qeyd edib ki, bu göstərici qadınların ekoloji məsələlərdə aktivliyinin təsdiqidir:

"Nazirlik yanında ekoloji sırada da xanımlar təmsil olunur və onlar aktivdirlər. Bizim ekokönüllülərimizin də əksəriyyəti gənc qızlardır. Gələcək nəslin ekoloji məsuliyyət hissi ilə böyüməsində qadınların, xüsusilə anaların və müəllimlərin rolu kifayət qədər yüksəkdir. Qadınlar artıq ətraf mühitin qorunmasında əsas faktora çevrilir. Lakin dünya təcrübəsi də göstərir ki, qadınların potensialı tam reallaşdırılmayıb".