Universitet və kolleclərə qəbul üçün neçə nəfər qeydiyyatdan keçib?
Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu bu gün saat 12:00-dan etibarən dayandırılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, universitet və kolleclərə qəbul üçün ümumilikdə 133392 nəfər ərizə verib.
Bunlardan 129657 nəfər ali məktəblər, 120379 nəfər isə kolleclər üzrə qeydiyyatdan keçib.
Məlumat üçün bildirək ki, 2025-ci il buraxılış və ya test imtahalarının 1-ci mərhələsinin nəticəsi əsasında müsabiqəyə qoşulanların sayı 2933 nəfər, 2025-ci ildə "Azərbaycan dili (dövlət dili kimi)" fənni üzrə test imtahanında "məqbul" qiymət alıb, cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılan abituriyentlərin sayı isə 1182 nəfərdir.
Qeyd edək ki, buraxılış imtahanları isə martın 9-da başlayır.
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 9 və 15 mart tarixlərində keçiriləcək. Abşeron, Sumqayıt, Gəncə şəhərlərində yerləşən məktəblərin şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Peşə liseylərinin məzunları liseyin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər (Sumqayıt və Abşeronda yerləşən peşə liseylərinin məzunları martın 9-da imtahan verəcəklər).








