Vergi ödəyicilərinə xidmət mərkəzlərində 658 mindən çox xidmət göstərilib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 400 866 şəxs qəbul edilib və onlara 658 137 sayda xidmət göstərilib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, ümumi elektron xidmətlərin 54,8 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
- Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
- Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
- "ASAN İmza" sertifikatlarının verilməsi;
- Vergi ödəyicilərinə arayışların verilməsi;
- Vergi ödəyicilərinin uçot məlumatlarının dəyişdirilməsi;
- Fiziki şəxslərin uçota alınması və yenidən uçota alınması;
- Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması);
- Fiziki şəxslərin uçotdan çıxarılması.
Hesabat dövründə vergi ödəyicilərindən daxil olmuş 20,6 min sayda yazılı müraciət cavablandırılıb, 18,5 milyon sayda məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.
Dövr ərzində 3 971 vergi ödəyicisinin iştirakı ilə 285 görüş keçirilib, 4 883 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 3,3 milyon SMS göndərilib.








