Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib
Mayın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, komitə sədri Əjdər Əliyev iclasın gündəliyinə daxil edilən üçüncü oxunuşda olan “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihələri barədə məlumat verdikdən sonra qanun layihələri Ali Məclisin plenar iclasının müzakirəsinə təqdim olunub.
İclasın gündəliyində duran sonuncu məsələ – birinci oxunuşda olan “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının qanun layihəsinin müzakirəsi zamanı komitə sədri bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, qanunvericilik aktlarının “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğunlaşdırılması tapşırılıb. Təqdim olunan layihə də məhz bu tələblərə uyğunlaşdırma məqsədi daşıyır.
Qanun layihəsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Rahib Kərimov məlumat verdikdən sonra komitənin rəyi oxunub, qanun layihəsi birinci oxunuşda Ali Məclisin plenar iclasının müzakirəsinə təqdim olunub.








