Nikol Paşinyan İlham Əliyevə minnətdarlığını bildirib
Ermənistanın Baş naziri Nikol Paşinyan "Avropa Siyasi Birliyi"nin (ASB) İrəvanda keçirilən sammitində videobağlantı formatında iştirak etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, o, bunu sammitdən sonra mətbuata yekun bəyanatında bildirib.
Paşinyan həmçinin sammitdə iştirak etmək üçün Ermənistana səfər etmiş Türkiyənin vitse-prezidenti Cevdet Yılmaza da təşəkkür edib.
"Bu gün bütün qitədən və onun hüdudlarından kənarda liderləri bir araya gətirən forum uğurla başa çatdı. Fürsətdən istifadə edərək sammitin təşkilində sıx əməkdaşlığa və tərəfdaşlığa görə Avropa İttifaqına səmimi minnətdarlığımı ifadə etmək istərdim... Mən həmçinin onlayn formatda iştirakına görə Azərbaycan Prezidentinə və sülh prosesləri və regional əməkdaşlıq baxımından iştirakına görə Türkiyənin vitse-prezidentinə minnətdaram", - o bildirib.
Baş nazirin sözlərinə görə, aparılan müzakirələr artan qlobal çağırışlar şəraitində səmimi dialoq və praktik həllərin zəruriliyini təsdiqləyib.
"Müzakirələr regional əməkdaşlığın əhəmiyyətini və qitələrarası əlaqələrin genişləndirilməsi üçün açıq, inteqrasiya olunmuş və əlaqəli regionların potensialını bir daha vurğulayıb. Bu kontekstdə biz həmçinin Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsinin vacibliyi məsələsinə toxunduq", - Paşinyan qeyd edib.
O əlavə edib ki, möhkəm sülhün əldə edilməsi, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması və sərhədlərin açılması yalnız bölgəyə fayda gətirməyəcək, həm də daha geniş Avropa məkanında və onun hüdudlarından kənarda qarşılıqlı əlaqənin və əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək.








