
Axtarış və ya götürmə zamanı kimlər iştirak edə bilər? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Axtarış və ya götürmə zamanı kimlər iştirak edə bilər?
Cavab: Axtarış və ya götürmə zamanı hal şahidləri iştirak edə bilər.
Şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə müstəntiq onun bu hüququnu təmin etməlidir.
Zəruri hallarda axtarış və ya götürmənin aparılmasında tərcüməçi və mütəxəssis iştirak edə bilər.
Axtarış və ya götürmə zamanı barəsində axtarış və götürmənin aparıldığı şəxsin, onun yetkinlik yaşına çatmış ailə üzvünün və ya qanuni mənafelərini təmsil edən şəxslərin iştirıkı təmin edilməlidir. Göstərilən şəxslərin iştirakını təmin etmək mümkün olmadıqda mənzil-istismar təşkilatının, yaxud yerli icra hakimiyyəti orqanının nümayəndəsi dəvət edilir.
İdarə, müəssisə, təşkilatlara, hərbi hissələrə məxsus olan binalarda axtarış və ya götürmə onların nümayəndəsinin iştirakı ilə aparılır.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov