Azərbaycan Xalq Cümhuriyyəti və İstiqlal Poeziyası
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və Gəncə dövrü
Azərbaycan Xalq Cümhuriyyəti xalq hakimiyyətinə əsaslanan, parlament tipli, respublika quruluşlu, demokratik dövlət olaraq bütün Şərq aləmi və türk dünyasında ilk dəfə Azərbaycan xalqının bəşəri dəyərlərə sədaqətlə həyata keçirdiyi dövlətçilik nailiyyətidir
XX əsrin əvvəllərində Rusiyada inqilab dalğası çarizmin hakimiyyət sütunlarını qırdıqdan, habelə I Dünya müharibəsi və Rus-Türk müharibələri Rusiyanı zəif saldıqdan sonra Qafqaza nəzarət itmiş, hökmü əsaslı surətdə sınmışdı. Belə bir vəziyyətdə Qafqaz xalqları vəziyyətdən istifadə edərək müstəqilliklərini elan etmə qərarını aldılar. Müvəqqəti olaraq yaradılmış Zaqafqaziya Seymi buraxıldıqdan dərhal sonra 1918-ci il may ayının 27-də Azərbaycan da öz müstəqilliyini elan etdi və bütün dünya ölkələrinə istiqlal aktını göndərdi. Beləliklə, Şərqdə və türk dünyasında ilk dəfə ilk konstitusiyalı dövlət quruluşu məhz Azərbaycanda elan olundu. Elan olunan İstiqlal bəyannaməsində müstəqil Azərbaycan Respublikasının yarandığı bəyan edilmiş, onun hakimiyyətinin şamil olduğu ərazilərin hüdudları müəyyən edilmiş, dövlətin əsas fəaliyyət prinsipləri və mövcudluq forması əksini tapmışdı. Həmçinin istiqlal aktında demokratik dövlətə məxsus atributların – hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi hüquqlarının təmin edilməsi, bütün xalqların və hər bir vətəndaşın milli, dini, sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq azad inkişafı üçün şərait yaradılması, ən nəhayət hakimiyyətin bölünməsi kimi prinsiplərin dövlət fəaliyyətinin əsası kimi elan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirdi. Necə ki qısa tarixi bir fasilədən sonra Azərbaycan xalqı dahi lideri Heydər Əliyevin siyasi zəkası və bacarığı sayəsində bir daha azadlıq və dövlətçilik əzmini nümayiş etdirdi və müstəqilliyini elan etdi. Bu mənada Azərbaycan milləti hər iki tarixi hadisədə kulturnation – millət-mədəniyyət statusundan tamamilə başqa bir siyasi-hüquqi və mənəvi-psixoloji statusa – Statenation – millət-dövlət statusuna malik olduğunu göstərdi.
İstiqlal bəyannaməsi elan olunan vaxtdan yaranmış Azərbaycan dövləti ən çətin, mürəkkəb, ictimai-siyasi və psixoloji vəziyyətdə fəaliyyət göstərdi [Azərbaycan Respublikası Prezidentinin sərəncamı, 2018]. Azərbaycan da müxtəlif maraqları olan və Azərbaycanın müstəqilliyinə qarşı duran qüvvələrin əks fəaliyyətləri şəraitində Azərbaycan dövləti varlığını qorumaq uğrunda mücadilə apardı, tələb olunan siyasi fəaliyyəti nümayiş etdirdi və bir sıra uğurlara da nail oldu. Azərbaycanın tarixi müstəqilliyi elan olunandan sonra dövlətin paytaxtının müvəqqəti olaraq Tiflisdə yerləşməsi də çətin, mürəkkəb vəziyyətin nəticəsi idi. Yalnız Milli hökumətin iyun ayının 4-də qardaş Türkiyə dövləti ilə [o zaman Osmanlı dövləti – R.Q.] bağladığı dostluq müqaviləsi əsasında Qafqaz İslam Ordusunun Azərbaycana gəlişindən sonra Azərbaycanın paytaxtı 18 günlük fəaliyyətdən sonra - iyun ayının 16-da Gəncəyə köçürüldü. Müxtəlif cür maneə və çətinliklərin mövcud olmasına baxmayaraq, Milli hökumət öz dövlətçilik missiyasını həyata keçirməyə cəhd göstərdi və beləliklə, nə qədər çətin və mürəkkəb olmasına baxmayaraq öz dövlət müstəqilliyini qoruyub saxlamaq vəzifəsini şərəflə yerinə yetirdi. Hər şeydən əvvəl Bolşevik-Daşnaq qırğınlarının qarşısını almaq və işğal olunmuş əraziləri azad etmək mübarizəsi həyata keçirildi ki, bunun uğurlu nəticəsində sentyabrın 15-də Bakı şəhəri azad edildi.
Azərbaycan Xalq Cümhuriyyətinin Milli hökuməti Gəncə dövründə öz fəaliyyəti dönəmində bir sıra taleyüklü tədbirlər həyata keçirməyə nail oldu. Həmçinin AXC milli hökuməti ilk fəaliyyət dönəmlərində Gəncənin əvvəlki tarixi adının özünə qaytarılmasına da nail ola bildilər.
Azərbaycanın ərazi bütövlüyü uğrunda başladılan mübarizə də dövlətçiliyimiz üçün mühüm əhəmiyyət kəsb edirdi. Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski kimi əvəzsiz hərbi sərkərdələrin rəhbərliyi atlında başladılan milli ordu quruculuğu bütövlükdə Azərbaycan hərb sənətinin və döyüş əzminin yaşadılmasına böyük imkanlar açdı. Hərbi kadrların yetişdirilməsi işinə Gəncədə fəaliyyət göstərən kiçik podproporşik məktəbinin Hərbiyyə məktəbinə çevrilməsi ilə davam edildi. “1918-ci il iyunun 26-da Müsəlman korpusu Azərbaycan korpusu adlandırıldı. Həmin il avqustun 13-də Azərbaycan korpusu ləğv edilir və onun yenidən qurulmasına başlanılır. Sentyabrın 1-də verilən qərara əsasən, Hərbi Nazirlik təsis edilir. Gəncədə başlanan iş öz bəhrəsini verir. Artıq 1919-cu ilin axırlarında Azərbaycan ordusu iki piyada və bir süvari diviziyadan ibarət idi. Gəncədə 53 həyata keçirilən ən önəmli tədbirlərdən biri də, Fövqəladə Təhqiqat Komissiyasının yaradılması idi”. Avqustun 1-də Gəncə şəhərində Hərbi Nazirliyin təsis edilməsi əlahiddə nailiyyətlərdən biri idi.
Milli hökumətin Gəncə dövründə göstərdiyi fəaliyyəti zamanı əldə edilən ən böyük nailiyyətlərdən biri məhz Dövlət bayrağının qəbul edilməsi oldu. İyunun 21-də qırmızı rəngli ay-ulduzlu bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edildi. Lakin Milli hökumət bayraq məsələsinə sonradan yenidən qayıdaraq onun üçrəngli ay-ulduzlu bayraqla əvəz edilməsinə nail oldu.
Hakimiyyətin xalqa enməsi və təbliği istiqamətində “Azərbaycan” qəzeti fəaliyyətə başladı. Bu dövrdə yeni ədəbi mühit və ədəbi-mədəni inkişaf özünü təzahür etdirməyə başladı. Müstəqillik ideyalarının qələbəsi və milli dövlətçiliyin yaranmasından sonra qazanılmış qələbə duyğularının tərənnümü ədəbiyyatda yeni mövzular və ədəbi istiqamət müəyyənləşdirdi. Gəncəbasarın istedadlı övladlarından olan Əhməd Cavad, demək olar, bütün yaradıcılığını Azərbaycan Xalq Cümhuriyyətinin tərənnümünə həsr edən qüvvətli sənətkar olaraq yeni ədəbi istiqamətə başçılıq edir, C.Cabbarlı, S.Mənsur, M.Sidqi və başqaları dövlətçilik dəyərlərinin ədəbiyyatda təbliği və tərənnümündə fəallıqla iştirak edirdilər.
Bunu da məxsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü kimi xarakterizə etdiyimiz ilk dövrlərində Milli hökumətin və dövlətin möhkəmlənməsi və idarəçiliyində Gəncədən olan vətən övladları yaxından iştirak edirdilər. Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər naziri, Baş naziri kimi mühüm vəzifələrini həyata keçirmiş Nəsibbəy Yusifbəyli [1881-1920], Parlament sədrliyini həyata keçirmiş Əlimərdanbəy Topçubaşov [1863-1934], Baş nazir, Daxili İşlər naziri, Xarici İşlər naziri kimi mühüm vəzifələrdə vətənə xidmət nümunəsi göstərmiş Fətəli xan Xoyski [1875-1920], o cümlədən Həsən bəy Ağayev, Xəlil bəy Xasməmmədli, Ələkbər bəy Rəfibəyli, Xudadat bəy Rəfibəyli, Musa bəy Rəfiyev, İsmayıl xan Ziyadxanov, Adil xan Ziyadxanov, Nağı bəy Şeyxzamanlı, Mirzə Məhəmməd Axundzadə, Məhəmməd Pişnamazzadə və digər çoxsaylı şəxsiyyətlər Gəncənin irəlidə gedən vətənpərvər övladları olaraq Azərbaycan Xalq Cümhuriyyətinin Milli hökumətinin tərkibində yaddaqalan, mühüm xidmətlər göstəriblər.
Gəncəli Əhməd Cavadın poeziyasında vətən və dövlət sevgisinin bədii təzahürü
“Dövlət müstəqilliyinin əldə olunmasından yaranan milli qürur, sevinc və fəxarət duyğuları milli Azərbaycan poeziyasının nəhəng siması, Azərbaycan istiqlal ədəbiyyatının nəğməkarı, görkəmli şair Əhməd Cavadın yaradıcılığında əsas yeri tutmaqla ədəbiyyatımızda yeni milli poeziya məktəbi yaratmışdır”. 1892-ci ildə Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndinin Mehrili tirəsində dünyaya göz açan Cavad Axundzadə Gəncə Müsəlman-Ruhani Seminariyasında aldığı müasir dünyəvi təhsillə uzun illər müəllim kimi fəaliyyət göstərmişdir. Seminariyada ona təhsil verən müəllimlərdən dövrün aparıcı və tanınmış ziyalılarından olan Abdulla Sur və Hüseyn Cavid onun taleyində çox böyük rol oynamışlar.
Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Əhməd Cavadın [1892-1937] yaradıcılığı dövlət müstəqilliyimizin şərəfli təzahürü olan ilk parlament tipli respublikanın – Azərbaycan Xalq Cumhuriyyətinin vəsfi və tərənnümü baxımından çox qiymətlidir. Milli demokratik təfəkkürün inkişafı dövlət müstəqilliyinin əldə olunması ilə nəticələndiyi kimi, bu böyük nailiyyətdən yaranan milli qürur, sevinc və fəxarət duyğuları da milli Azərbaycan poeziyasının əsas leytmotivinə çevrilir. Ə.Cavad öz əsərlərində Azərbaycanın dövlət atributlarını vəsf və tərənnum edir, dövlətciliyə məhəbbət və vətənə bağlılıq hisslərini təbliğ edirdi. Bu dövrdə ədəbiyyatda daha çox aktuallıq qazanan marş və himn nümunələri Əhməd Cavadın müəllifliyi ilə zənginlik qazanır. Yaşar Qarayevin də yazdığı kimi: ““Cümhuriyyət” deyəndə yada hamıdan əvvəl Əhməd Cavad düşür. ...Ücrəngli poeziya bədii yaddaşa hamıdan əvvəl Əhməd Cavadın qələmi ilə həkk olunmuşdur”. Əlbəttə, Azərbaycanda milli dövlətçilik hərəkatı bir sıra ədib və şairləri də təsiri altına almış, müstəqillik duyğuları ilə zəngin yeni məzmunlu ədəbiyyat formalaşmışdı. Ə.Cavad bütün həyatı, fəaliyyəti və yaradıcılığı ilə Azərbaycanın istiqlal ədəbiyyatının mənəvi varisi və bayraqdarı kimi çıxış edirdi. Əhməd Cavad öz yaradıcılığında Azərbaycanın dövlət müstəqilliyinə əsərlər həsr edən bəlkə də yeganə şəxsiyyətdir. Əhməd Cavad o şairdir ki:
Soranlara mən bu yurdun
Anlatayım nəsiyəm:
Mən çeynənən bir ölkənin
Haqq bağıran səsiyəm.
Gözəl şeirlər müəllifi Əhməd Cavadın müəllifi olduğu Azərbaycanın ilk dövlət himnini indi də müasir nəsillər müstəqillik qüruru ilə oxuyurlar. Əhməd Cavad yaradıcılığının bu xüsusiyyətlərinə görə həm də milli ədəbiyyatımızda dövlətçilik atributlarını tərənnum edən yaradıcı sənətkarların ağsaqqalı və başçısıdır.
Millətimin tarixinə,
Şan, şöhrət əkməliyəm!
Bu qarşıda, yad qalaya,
Bir al bayraq dikməliyəm, –
deyən Əhməd Cavadın idealı və ideyaları gənc nəsillər tərəfindən davam etdirilmiş, Azərbaycan ədəbiyyatında vətəndaşlıq lirikasının dövlətçiliyi və dövlət rəmzlərini tərənnüm edən yeni məzmunlu bir ədəbi məktəb formalaşmışdır.
Azərbaycanın dövlət müstəqilliyi qazandığı illərdə şair Azərbaycanın ucalan dövlət bayrağına ard-arda bir necə şeir yazmış, onun qürurunu əks etdirmiş və yaşatmışdır. “Nədən yarandın” şeiri də məhz belə nümunələrdən biri idi:
Sən qüdrətin aşıb-coşan vaxtında,
Mələklərin gülüşündən yarandın.
...Qaranlıqda boğularkən ümidim
Dan ulduzu yürüşündən yarandın!
...Qələm əldə ilhamını dinlərkən
Sən qəlbimin vuruşundan yarandın!
Şairin “Azərbaycan bayrağına” şeiri də bu ruhda yazılan, sənətkarın bir vətəndaş-şair olaraq dövlət müstəqilliyinə, xalqının, millətinin, vətəninin müstəqillik simvoluna bəslədiyi sonsuz məhəbbətinin, qürurverici hisslərinin ifadəsidir. Şairin “Azərbaycan bayrağına” şeiri öz əhəmiyyətilə şah əsər olaraq ədəbi yaddaşlarda iz qoyan əsərlərdən biridir. Bu əsəri Azərbaycanın müstəqillik tarixində çöx önəmli yer tuduğunu söyləməklə bərabər, bayrağa məhəbbət dolu şeirlər silsiləsinin ən sanballı nümunəsi adlandırmaq olar. Bu əsərin dövlətcilik atributlarına şeir yazmaq ənənəsinin şah nümunəsi olduğunu da birmənalı olaraq demək mümkündür:
Türküstan elləri öpüb alnını,
Söylüyor dərdini sana, bayrağım!
Üçrəngli əksini Quzğun dənizdən,
Ərməğan yollasın yara, bayrağım!
Gedərkən Turana çıxdın qarşııma,
Kölgən dövlət quşu, qondu başıma...
İzn ver gözümdə coşan yaşıma –
Dinlətsin dərdini aha, bayrağım!
Şeir özünün bədii təsir gücü, səmimiliyi və dövlətcilik dəyərlərinə vətəndaşlıq məhəbbəti ilə secilən, bədii-estetik əhəmiyyətilə diqqəti cəlb edən əbədiyaşar bir əsərdir. Diqqət edilsə, şair təkcə tərənnum və vəsf kimi bədii üsullardan istifadə etmir, həm də bayraqdakı rəmzi işarələrə müraciət edərək onun muqəddəsliyi və ucalığını hiss etdirir, hətta milli dövlətcilik tarixinə belə nəzər salmaqla poetik-tarixi şərh vermiş olur. Şairin Azərbaycan Xalq Cümhuriyyəti elan edildiyi və ilk milli dovlət bayrağı qaldırıldığı 1918-ci ildə şəxsən söylədiyi “Elin bayrağı” şeiri də bayrağa və onun ifadə etdiyi müstəqillik və azadlıq simvoluna dərin məhəbbətin poetik bir ifadəsidir”. Şeirdəki:
Qüruru cahandan, nuru haqdan al
Hidayət etməyə yol azanları!
Gəlməsin yardımsız qəlbinə həlal,
Yardım: münavələr... sübh əzanları! –
misralarında şair bayrağı kəsb etdiyi məzmun və mahiyyətə əsasən qibləgah, yol gostərən kimi təqdim etmişdir.
Şairin bayraq mövzusunda yazdığı “Al bayrağa” şeiri də öz təsir gücü və məzmunu ilə diqqəti cəlb edir. Şeirdə vəsf və tərənnüm daha güclüdür. Ritorik suallar şeirin təsir gücünü artırdığı kimi, düşüncədə motivasiya yaratmağa müvəffəq olmuş, müəyyən mətləbləri diqqətə çatdırmaq və düşündürmək məqsədinə xidmət etmiş, gözəllikdə tayı-bərabəri olmayan, üzü gozəl, qəlbin aynası və tacı olan öz məşuqunun müxtəlif, amma vacib xüsusiyyətlərini obrazlı şəkildə əks etdirmişdir:
Gül rəngində bir yarpağın
Ortasında bir hilal!
Ey Al bayraq, sənin rəngin
Söylə, neyçün böylə al?!
Şeirin misraları bitdikdə şairin bu gözəl məşuqunun dövlət müstəqilliyimizin ucalıq və əbədiyyət rəmzi olan, bütün sevgilərin zirvəsi və qibləsi olan Dövlət Bayrağı olduğunu bilirsən. Şair çox məharətlə simvollaşdırma, rəmzi mənalandırmadan istifadə etmişdir. Şeirdə bayrağın qırmızı rəngini azadlıq və istiqlaliyyət məzmununda mənalandırmaqla şair milli istiqlaliyyət mücahidlərinin xatirəsini əbədiləşdirir, öz varlığını istiqlaliyyətə qurban verən şəhidlərə mənəvi abidə ucaltmış olur.
Ədəbi yaradıcılığı dövlətçilik atributlarına, xususilə bayrağa və onun rəmzlərinə vəsflə yazılmış Əhməd Cavad poeziyasını “heraldik poeziya” adlandırmaq daha doğru olar. Bu sonsuz məhəbbətdən irəli gəlirdi ki, Azərbaycanın dövlət müstəqilliyini itirməsi, işğalı dərdi şairi rahat buraxmamış, onun sonrakı yaradıcılıq dövründə yanıqlı şəkildə həsrətli ifadələrlə xatırlanmışdır. Sovet dövrundə yazılan “Göy göl” şeri də onun sərt tənqid olunmasına bəhanə olmuşdur:
Sənin gözəlliyin gəlməz ki saya?!
Qoynunda yer vardır Ulduza, Aya.
Oldun sən onlara mehriban daya,
Fələk busatını quralı, Göy göl!
Əlbəttə, misralarda Azərbaycan xalqının bu şanlı illərinin – 1918-1920-ci illərin tarixini bilənlər yaxşı başa düşür ki, Əhməd Cavad Göy gölə müraciət etməklə həm vətəni, həm də Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı olmuş Gəncəni, bir az da dəqiq deyilsə, Gəncənin AXC dövründəki şanlı paytaxt olduğu illəri dilə gətirmək istəmişdir. Çünki AXC elan edildikdən sonra Bakı şəhəri düşmən əlində olduğu üçün müstəqil dövlətin paytaxtı Tiflisdən Gəncə şəhərinə köçürülmüşdür. Şair də: “Qoynunda yer vardır Ulduza, Aya. Oldun sən onlara mehriban daya, Fələk büsatını quralı, Göy göl!” - deyə bu dönəmləri xatırlatmış, müstəqil Azərbaycanın bu illərinin həsrət duyğularını ifadə etmişdir. Amma bunu da unutmaq olmaq ki, Göy göl – Gəncə Əhməd Cavadın özü üçün də əhəmiyyətli yer tutmuşdur. Ə.Cavad atadan yetim qalarkən anası Yaxşı xanımla birgə üz tutduğu, ümid bildiyi yer məhz Gəncə olmuşdu. Gəncə Cavadın da ailəsi və taleyinə mehriban dayə, hami olmuşdu. Bu mənada lirik şeirin ən gözəl örnəklərindən olan bu şeirin bu bəndində şairin özü üçün doğma xatirələrinə müraciət də söhbət mövzusu ola bilən məsələlərdəndir.
Ümumiyyətlə, bu əsər bir tərəfdən Azərbaycana, Vətənə vətəndaş şair münasibətini, sonsuz sevgisini göstərir. Eyni zamanda vətənin gözəlliyi, təbii zənginliyi və heyranlıq yaradan keyfiyyəti poetik dillə ifadə edilərək simvollaşdırılır, digər tərəfdən də siyasi məzmun kəsb edir. Şeirin 5-ci bəndində şair yazır:
Kəsin eyşi-nuşi, gələnlər susun,
Dumandan yorğanı, döşəyi-yosun.
Bir yorğun pəri var, bir az uyusun,
Uyusun dağların maralı, Göy göl!
Mətnin zahiri mənasında Azərbaycan təbiətinin zənginliyi, gözəlliyi və füsunkarlığını ifadə edən bir gölün təsvirindən başqa bir şey yoxdur. Özünün lal suları, ətrafında ona füsunkarlıq və gözəllik bəxş edən yaşıllıqları, dağlar qoynunda yerləşdiyi üçün tez-tez üstünü alan duman, çiskin, altında özü üçün bir həyat sürən bitki örtüyü, yosun... Söz yox ki, poetik təsvir bunları əks etdirir. Ancaq mətnaltı mənada ciddi bir siyasi məzmun da müşahidə etmək mümkündür ki, sovetin “çekist ruhlu tənqidçiləri”
[M.Rəsulzadə] məhz bu mənalandırmaya üstünlük verirdilər. Azərbaycanın mustəqillik nəğməkarı, istiqlaliyyət aşiqi olan Ə.Cavad süni, gurultulu təbliğatların aparıldığı bir zamanda yalnız Göy gölün ətrafında “eyş-nuş”la boğazdan yuxarı sağlıqlar və hay-küylü, pafoslu fikirlər deyib badələr qaldıranlara Göy gölün milli-mənəvi dərdini anlatmaq istəmişdir. Şairin təbirincə, Göy göl özünün lal sularında Azərbaycanın işğal dərdini gizlədir. Şanlı Xalq Cumhuriyyətinə şahidlik edən Göy göl bu şanı dilə gətirə bilmir, qəlbinin dərinliklərinə gömülüb lal-dinməz uyuyur. Boğazdan yuxarı sağlıq deyənlər eyş-işrət cəkəndə o, dərdindən, fikrindən yorğun düşüb. Bu “çekist ruhlu” sağlıq deyənlərdən ibarət bolşevik gənclər Göy gölün başının üstünü duman kimi elə alıblar ki, yorgun düşüb ona bağlı vətəndaşların – yosunların çiynində səssiz-səmirsiz yorğun-yorğun uyuyur. Şairin: “Kəsin eyşü-nuşi, gələnlər susun” fikri də məhz dərdi ilə yorğun düşmüş bir gözəlin gələnlərin eyş-işrət icində dedikləri gurultulu sağlıqlarının acıq duymasından doğan narahatlıqdan başqa bir şey deyil. “Keçmişdir onlara qəzəbin niyə, Düşmüşlərdir səndən aralı, Göy göl?!” misrasında şairin vətənindən didərgin düşmüş mühacir Cümhuriyyət, müstəqillik mücahidlərinə işarə etdiyini açıq-aydın başa düşmək mümkündür. Azərbaycan müstəqilliyini özündə simvolizə edən Göy gölə sədaqət və məhəbbət şairin digər şeirində də hakimdir.
Ey Göy gölüm,
Ey göy gülüm!
Qoy göyərib,
Qoy mən ölüm!
Nəsən, kimsən sən?
Nisgilimsən sən!
Qoy açıq deyim
Sevgilimsən sən!
Göründüyü kimi, şair milli dəyərlərin unutdurlulduğu, vətənpərvərlik və milli heysiyyətin yasaq edildiyi bir zamanlardakı kəskin və qorxulu zamanları anlatmışdır. “Assınlar məni! Kəssinlər məni! Qoy turmələrə Bassınlar məni!” təhdidi, təqibi, təhlükəsi altında amalına, vətəninə sədaqətli vətəndaş-şairin “Neynirəm könlü? Neynirəm dili? Səndən yazmasam Neynirəm əli?” niyyəti, məqsədi dimdik dayanır. Şairin niyyət və məramə qəti və dönməzdir: bir əl ki vətəndən yazmayacaq, bir dil ki vətənə nəğmə deməyəcək, söz qoşmayacaq, bir könül ki vətəninə aşiq olub onu məcnunlar kimi sevməyəcək, şairin təbirincə, o əl, o dil, o könül nəyə lazımdır?! Zəmanənin cətinliyini şeirdəki misraların fikir təzadları da aydın təzahur etdirir. Şair açıq və cəsarətlə vətənini, bayrağını, müstəqilliyini sevdiyi, dilə gətirdiyi üçün zindanlara düşdüyünü yazmışdır. “Nəsən, kimsən sən? Nisgilimsən sən! Qoy açıq deyim Sevgilimsən sən!” kimi misralardakı “sevgilimsən, nisgilimsən” təzadı da sevgi ilə ayrılığın nəticəsi kimi aydın ifadə tapmışdır. Bu mənada ki, şair “vətənini əsl mənada seməyin nisgil olduğu bir zaman”ı məharətlə ifadə etmişdir. Zəmanənin mürəkkəbliyi, çətinliyi “Kür” əsərində də özünü əks etdirmişdir. “Əyil, Kürüm, əyil, keç, Meydan sənin deyil, keç!” misraları da zəmanənin milli iradəni qıran və əyən bir zəmanə olduğunu çox aydın əks etdirmişdir. “Kür” əsərinin son misraları ilə “Pambıq dastanı” şeirinin son: “İndi dövran mənimdir, Bəxtim ötgün, kefim çağ” misraları arasındakı konkret bir-birini təkzib, inkar edən təzad, milli iradəni qırmağa yonəlik zəmanənin sərt tədbirlərinin nəticəsini uğurla ifadə etmişdir. Hər iki əsər arasındakı bu təzad dolaşıq və qarışıq zəmanənin inkişaf meylini bütün mənası ilə təcəssum etdirir. Şair Vətən adını cəkənin, vətəndaşlıq nümunəsi göstərənin aqibətinin zindan-türmə olduğunu bildirir. Amma Əhməd Cavad bu məhəbbətdən vaz kecən, asanlıqla təslim olan şair deyil. Əhməd Cavad irsi və şəxsiyyətinin bir məziyyəti də ordadır ki, o, əsl vətənpərvər, vəfalı və sadiq vətəndaşdır. Bu mənada Əhməd Cavad irsi, sözün əsl mənasında, vətəndaşlıq və vətənpərvərlik dərsliyidir.
Bunu da demək lazımdır ki, böyük Azərbaycan, tarixi tale və Turan eli obrazını əks etdirən Kür lirikasını Əhməd Cavad ədəbiyyata gətirmişdir. Ə.Cavad daha böyük, geniş bir coğrafiyanı əhatə edən kükrəyən, aşıb-coşan Kürün axış istiqamətində həm Azərbaycanın tarixi ərazilərini, həm də qardaş elləri anlamında türk birliyi poetik coğrafiyasını obrazlaşdırmışdır. Ə.Cavadın həm də bu günümüz üçün də aktuallıq kəsb edən Qərbi Azərbaycan ellərimizin həsrət və niskilini də ifadə etməyə müvəffəq olmuş, Qərbi Azərbaycanda ən hündür və əzəmətli Alagoz və Ağbaba dağlarının adlarını istifadə etməklə birlik və suverenlik idealını təcəssüm etdirmişdir:
“Alagöz”dən bu yana,
“Ağbaba”dan o yana.
Hey dayana-dayana
Gəzintiyə çıxan Kür!
Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının milli iradəsinin təzahürü olaraq onun milli dövlətçilik və suverenlik istiqamətində əldə etdiyi ən böyük tarixi nailiyyət olmuşdur. Dövlət müstəqilliyinin əldə olunması bir çox sahələrdə nailiyyətlərlə Azərbaycan xalqına milli inkişaf gətirmişdir. AXC-nin yaranmasından sonrakı ilk mərhələdə dövlətin paytaxtı Gəncə şəhəri olduğu kimi, Gəncə dövründə çox mühüm tarixi qərarlar verilmiş və ümummilli mənafe kəsb edən əhəmiyyətli işlər görülmüşdür. Gəncədən olan milli ziyalı və vətənpərvər şəxsiyyətlər Milli hökumətin tərkibində əvəzsiz xidmətlərilə AXC-nin möhkəmlənməsində böyük rol oynamışlar.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli-ədəbi düşüncədə də alovlu vətənpərvərlik idealının güclənməsinə təkan vermiş, yeni məzmunlu ədəbiyyat meydana çıxmışdır. Gəncədən olan Əhməd Cavadın poeziyasında milli dövlətçilik və atributların tərənnümü başlıca yer tutaraq yeni bir poeziya məktəbi formalaşdırmışdır. Əhməd Cavad poeziyasında milli düşüncə təkcə Azərbaycanla məhdudlaşmamış, umumən türk və türkçülük ideyası ilə çuğlaşaraq Turançılığı da əhatə etmişdir. Bu mənada Əhməd Cavadın milli məfkurəsi ümumtürk birliyi ideologiyasıdır. Bu məhəbbətdən və bağlılıqdan irəli gəlirdi ki, onun şeirlərində türk düşüncəli poetik nümunələr də özunə xeyli sayda yer tutmuş, xüsusilə “Çırpınırdın, Qara dəniz”, “İstanbul”, “Şəhidlərə”, “Türk ordusuna”, “Ey əsgər” kimi şeirlərində türk sevgisi və Turançılıq ehtirası ifadə olunmuşdur.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,
filologiya elmləri doktoru, dosent








