Naxçıvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir

Naxçıvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir

27 May 2026

Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvanların satışı və kəsiminin müvafiq norma və qaydalara uyğun şəkildə təşkili məqsədilə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti dövlət qurumları tərəfindən bütün zəruri tədbirlər görülüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun və rahat şəraitdə həyata keçirilməsi məqsədilə muxtar respublika üzrə 9 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunur ki, ondan 4-ü müasir tələblərə cavab verən, bütün zəruri avadanlıqlarla təchiz olunmuş səyyar heyvan kəsimi çadırlarıdır.  Bunlardan 7-də həm kəsim, həm satış,  2-də isə yalnız diri heyvanların satışı təklif olunur. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunur.

Vətəndaşlardan bayram günlərində heyvan satışı və kəsimi ilə bağlı hər hansı xoşagəlməz hallarla qarşılaşdıqları təqdirdə aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003 - Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.