Azərbaycanın ən gənc tələbəsi NDU-nu seçib -

Azərbaycanın ən gənc tələbəsi NDU-nu seçib - MÜSAHİBƏ

26 Avqust 2026

“Bu şansı dəyərləndirməliyəm”

Cəmi 15 yaşında... Bir çox yaşıdının hələ gələcək peşəsi haqqında düşünməyə başladığı bir vaxtda Gülşən Məmmədli artıq həyatının ən mühüm addımlarından birini atıb. O, bu il ali məktəbə qəbul olan ən gənc tələbə adını qazanaraq 621,2 balla Naxçıvan Dövlət Universitetinin “Stomatologiya” ixtisasına dövlət sifarişi əsasında qəbul olunub.

Gülşənin tibb sahəsinə sevgisi heç də dünənin arzusu deyil. Uşaqlıq illərindən həkimlik onun xəyal dünyasının bir parçası olub. Bu arzunun gerçəkləşməsində isə valideynlərinin dəstəyi böyük rol oynayıb. Onların inamı Gülşənin qarşısına qoyduğu məqsədə doğru inamla addımlamasına kömək edib.

IV ixtisas qrupu üzrə hazırlaşan digər abituriyentlər kimi Gülşən də seçim qarşısında qalmışdı. Onun seçimi Naxçıvan Dövlət Universiteti oldu. Nəticələr açıqlananda taleyinin Naxçıvan Dövlət Universiteti ilə bağlandığını öyrəndi. Bu xəbər onu sevindirsə də, qarşıda yeni bir qərar vardı.

Bakıda yaşayan Gülşən üçün Naxçıvanda təhsil almaq ilk baxışda müəyyən tərəddüdlər yaradırdı. Ailə, doğma şəhər, alışdığı həyat... Bütün bunlardan uzaqlaşmaq asan deyildi. Lakin o, tərəddüdlərinə baxmayaraq, qarşısına çıxan fürsəti və NDU-nun tibb təhsili sahəsində yaratmış olduğu imkanları itirmək istəmirdi.

“Bu şansı dəyərləndirməliyəm”, – dedi Gülşən.

Bəlkə də bu cümlə onun xarakterini ən yaxşı ifadə edən sözlərdir. Çünki Gülşən üçün universitetə qəbul olmaq son deyil, böyük bir yolun başlanğıcıdır.

Naxçıvan Dövlət Universitetinin Tibb təhsili haqqında eşitdiyi yüksək fikirlər seçimində böyük rol oynayıb. Gənc tələbənin universitetdən ən böyük gözləntilərindən biri möhkəm nəzəri biliklərlə yanaşı, ilk kurslardan etibarən praktiki təcrübə qazanmaqdır. Xəstəxana mühiti, real pasiyentlərlə ünsiyyət və gələcək peşənin incəliklərini erkən yaşlardan öyrənmək onun üçün xüsusi əhəmiyyət daşıyır.

15 yaşında tələbə olmaq Gülşənin fikrincə, ona yaşıdları qarşısında müəyyən üstünlük verir. O, universitet illərinin qarşısına qoyduğu məqsədlərə daha tez çatmasına imkan yaradacağına inanır. Yaşının universitet mühitində problem yaradacağından isə narahat deyil. Əksinə, yeni insanlar, yeni mühit və yeni həyat onun üçün maraqlı bir təcrübədir.

Təbii ki, ailədən ayrı qalmaq asan olmayacaq. Doğma Bakıdan uzaqda yaşamaq, yeni mühitə alışmaq, universitet həyatının məsuliyyətlərini daşımaq Gülşənin qarşısında duran ilk sınaqlardandır. Amma o, bu çətinliklərin hər birinin gələcək uğuruna aparan yolun bir hissəsi olduğunu düşünür. Çünki Gülşən də bilir ki, Naxçıvan təhsil almaq üçün ən ideal şəhərlərdən biridir.

Gülşənin gələcəklə bağlı arzuları da böyükdür. O, seçdiyi sahədə daim inkişaf etmək, peşəsinin ən yaxşılarından biri olmaq və gələcəkdə xaricdə rezidentura təhsili almaq istəyir. 15 yaşında başlayan bu yolun onu haralara aparacağını isə zaman göstərəcək.

Bu gün Gülşən universitetin ilk addımlarını atmağa hazırlaşır. Qarşısında uzun bir təhsil yolu, saysız-hesabsız imtahanlar, gecə-gündüz çalışmaq və öyrənmək tələb edən illər var. Amma onun bir üstünlüyü var: məqsədini artıq bilir.

Gənc tələbə özündən sonra gələn abituriyentlərə isə ruhdan düşməməyi tövsiyə edir. Onun fikrincə, uğurun əsas şərtlərindən biri hazırlığa ciddi yanaşmaq, lakin bütün bunların içində özünə də vaxt ayırmağı bacarmaqdır.

“Bu proses gələcək həyatınıza atdığınız ilk və mühüm addımlardan biridir”.

Gülşənin hekayəsi də elə həmin ilk addımla başlayır. 15 yaşında atılan bir addım... Qarşıda isə böyük bir həyat və ağ xalatın arxasında gizlənən böyük bir arzu var.

Söhbətləşdi: Badəm Əliyeva

NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsi